Avropanın ən böyük ordusunun qarşısı necə alınır?

   Avropanın    ən böyük ordusunun    qarşısı necə alınır?
  09 İyul 2024    Oxunub:1797
Ukrayna Silahlı Qüvvələri Krım ərazisində Rusiya hədəflərinə hücum etmək üçün Amerikanın uzaqmənzilli "ATACMS" raketlərindən uğurla istifadə edib.
AzVision.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Ukrayna müharibəsi: Yardımlar gecikir, əhali azalır, texnologiya isə dəyişir
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də keçirdiyi brifinqdə bu mövzuya toxunub. O, deyib: "Ukrayna ordusu bir daha sübut etdi ki, Qərbin dəstəyi ilə Avropanın ən böyük ordusunun qarşısını ala bilir. Kiyevin uğuru təkcə cəbhədəki əməliyyatlarla məhdudlaşmır. Onlar ABŞ-nin verdiyi "ATACMS" uzunmənzilli zərbə raketlərindən Krımda istifadə edərək, Rusiyanın zenit-raket sistemlərini, komanda məntəqələrini və aerodromlarını məhv edirlər”, – Kirbi vurğulayıb".

ABŞ Milli Təhlükəsizlik Xidmətinin koordinatorunun sözlərinə görə, ukraynalı döyüşçülər Sevastopol limanında qanadlı raketlərlə gəmi batırıblar. Rusiyanın Qara dəniz donanması ələ keçirdikləri yarımadanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Ukrayna Krımda Rusiya hədəflərini məhv etmək üçün "ATACMS" raketlərindən fəal şəkildə istifadə edir. "Forbes"in bu mövzuda yazdığı məqalədə qeyd edilib ki, ukraynalılar xüsusilə S-400 sistemlərini sıradan çıxarır.

Məsələn, hələ mayın ortalarında Sevastopol yaxınlığındakı Rusiyanın Belbek bazasına 10 raket atılmaqla güclü zərbə endirilmişdi. Hücum ruslara xeyli ziyan vurub. Nəşr yazır ki, əraziyə aid çəkilmiş fotoşəkillər bir radar və S-400 zenit batareyasının iki buraxılış qurğusunun məhv edildiyini təsdiqləyib. Raketlərin yaxınlıqdakı hərbi aerodromda olan 4 hərbi təyyarəni də zədələdiyi bildirilirdi.

"Le Monde" də ABŞ raketlərinin artıq meydan oxuduğunu yazıb. Qeyd edilir ki, Amerika istehsalı olan uzaqmənzilli "ATACMS" raketlərinin Kiyevə gəlişindən sonra Ukrayna ordusu rusların logistik marşrutlarını bağlamağa çalışır, Krımda Rusiyanın hava hücumundan müdafiə sistemlərini məhv etməyə başlayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Raket   Krım   Rusiya   Müharibə  





Xəbər lenti