Onlarla insanın pulunu mənimsəyib - İDDİA

 Onlarla insanın pulunu mənimsəyib -  İDDİA
  09 İyul 2024    Oxunub:2626
Bakıda 250 min manata yaxın pul mənimsənilib.
AzVision.az -a müraciət edən Bakı şəhər sakini Səfərov İslam iddia edib ki, Əmirov Şakir Tahir oğlu adlı şəxs ondan 247000 manat pul alsa da, qaytarmayıb.

İslam Səfərovun sözlərinə görə, Şakir Əmirov tək onun pulunu mənimsəməyib.

“O, bizneslə məşğul olan adamları aldadır. Ortaq işlər görmüşük. Axırda gördüm ki, hamıya müəyyən "oyunlar" qurur. Aldananlardan biri də mən oldum. Çalışıram ki, pulumu geri qaytara bilim. Əlbəttə ki, o bu pulu geri qaytarmalıdır. Amma Şakir Əmirov düz 7 aydır ki, pulu geri qaytarmır. Mən bu siyahıda tək deyiləm, mənim kimi onlarla insanı aldadıb”, - şikayətçi qeyd edib.

İslam Səfərov hüquq mühafizə orqanlarına, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə də müraciət etdiyini söyləyib. O, işə hələlik lazımi qaydada baxılmamasından da gileylənib: “Dedilər vaxt verək, bəlkə insafa gəlib pulu qaytarar. Amma neçə ay keçib, ortada heç bir nəticə yoxdur. Artıq cənab Prezident İlham Əliyevə, nazirə məktub yazacağam. Çünki milyon manatdan çox pulu mənimsəsə də, əl qolunu sallayaraq azadlıqda rahatlıqla gəzir. Hələ o da nəzərə alınmalıdır ki, bu adam qeyri-qanuni işlərlə məşğuldur”.

Məsələ ilə bağlı qarşı tərəfin fikrini də öyrənməyə çalışdıq. Şakir Əmirov ona qarşı iddiaları təkzib etdi:"Şikayət reallığı əks etdirsəydi, hüquq mühafizə orqanları bu işə baxardı".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Pul   mənimsəmə  





Xəbər lenti