Marin Le Penə qarşı təhqiqat işinə başlanıb

   Marin Le Penə qarşı    təhqiqat işinə    başlanıb
  09 İyul 2024    Oxunub:1121
2022-ci ildə öz seçki kampaniyasını qeyri-qanuni şəkildə maliyyələşdirməkdə şübhəli bilinən Marin Le Penə qarşı Paris prokurorluğu araşdırma aparır.
AzVision.az xəbər verir ki, Fransanın “BFMTV” telekanalının öz mənbələrinə istinadən yaydığı məlumatda Paris prokurorluğunun “Milli Birlik” partiyasının lideri Marin Le Penin 2022-ci ildə özünün prezident seçkiləri kampaniyasını qeyir-qanuni şəkildə maliyyələşdriməsindən şübhələndiyi bildirilir.

“Paris prokurorluğu bu yaxınlarda Marin Le Penin 2022-ci il prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi iddiaları ilə bağlı məhkəmə araşdırmasına başlayıb”, - telekanalın yayımladığı məlumatda deyilir.

Prokurorluq təhqiqat prosesinə Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın (CNCCFP) şikayətindən sonra başlayıb. Telekanalın məlumatına görə, seçki kampaniyası məsələsində təkcə Marin Le Penlə bağlı şübhə yaranmasa da, məhkəmə istintaqı yalnız ona münasibətdə başlanıb.

Fransa qanunvericiliyinə əsasən, namizədlərin seçki kampaniyaları zamanı müəyyən edilmiş xərc limitini aşması qadağandır. Şərtlər yerinə yetirildiyi halda, dövlət xərclərin bir hissəsini ödəyir. Əks təqdirdə, CNCCFP seçki hesablarına düzəlişlər edə, ödənilməli olan kompensasiya məbləğini azalda və lazım gələrsə, məsələni araşdırmaya göndərə bilər. Telekanal məhz bu əsasda komissiyanın şikayət etdiyini bildirib.

Maraqlıdır ki, bəzi ekspertlər Marin Le Penə qarşı təhqiqatın “Milli Birlik” partiyasının son parlament seçkilərində böyük uğur qazanması ilə eyni vaxta “təsadüf” etməsinə böyük şübhə ilə yanaşırlar.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: LePen   təhqiqat  





Xəbər lenti