Sergey Maydukov: “Zelenski danışıqlara meyllənir”

   Sergey Maydukov:    “Zelenski danışıqlara meyllənir”
  09 İyul 2024    Oxunub:1122
Volodimir Zelenski Ukraynada yaranmış çətin vəziyyət səbəbindən sülh danışıqlarının başlanacağını istisna etmir.
AzVision.az xəbər verir ki, ukraynalı yazıçı Sergey Maydukovun Amerikanın “Newsweek” jurnalında dərc olunan məqaləsində belə deyilir.

Maydukov sübut kimi, Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın Ukrayna üzrə növbəti beynəlxalq konfransa Rusiyanın dəvət olunması ehtimalı barədə açıqlamasını göstərir. Yazıçının fikrincə, Kiyev rejiminin rəhbəri çətin seçim qarşısındadır. Münaqişənin sülh yolu ilə həllinə razılıq vermək onun reytinqinə böyük təsir göstərə bilər, döyüşlərin davam etdirilməsi isə ölkənin dağılmasına səbəb olacaq.

“İndi məlum olur ki, Zelenski danışıqlara meyllidir. O, bəlkə də bütün prezidentliyi dövründə heç vaxt daha sərt qərarla üzləşməyib. Danışıqlarda Rusiyanın şərtləri ilə razılaşmaq onun reytinqinə xələl gətirə və ölkə daxilində kütləvi etirazlara səbəb ola bilər. Amma münaqişənin davam etməsi ölkəni siyasi, iqtisadi və demoqrafik fəlakətə sürükləyir, - Sergey Maydukovun məqaləsində vurğulanır.

Zelenski atəşkəs barədə Orbanın təklifini bəyənməyib
Yeri gəlmişkən, Macarıstanın baş naziri Viktor Orban məhz Andrey Yermakın yuxarıda qeyd olunan bəyanatından sonra sülh danışıqları barədə təkliflərlə əvvəlcə Kiyevə, sonra isə Moskvaya səfər etdi. Bunun ardınca, Pekində Çinin sədri Si Cinpinlə Rusiya-Ukrayna sülh danışıqlarının şərtləri barədə müzakirələr aparan Viktor Orban NATO-nun 75 illliyinə həsr olunmuş sammində iştirak etmək üçün Vaşinqtona yollanıb.

İndi əsas intriqalardan biri Macarıstanın baş nazirinin Vaşinqtona səfəri çərçivəsində əvvəlcə sammitin rəsmi ev yiyəsi olan ABŞ prezidenti Co Baydenlə, yoxsa bu posta real namizəd sayılan və onunla sıx əlaqələrə malik Donald Trampla görüşəcəyidir. Belə ki, Avropa İttifaqının (Aİ) rəhbərlərinin Viktor Orbana sülh danışıqları ilə bağlı təkliflərlə Kiyevə, Moskvaya və Pekinə səfərlər etmək üçün vəkalət vermədikləri barədə qeyzli bəyanatlarına baxmayraq, məhz Trampla razılıq əsasında onun bu addımları atdığı istisna deyil.

Bu isə ABŞ-nin potensial yeni prezidentinin sifarişi kimi qəbul oluna bilər. Belədə isə Brüsselin ekssentrik siyasətçi olan Donald Trampın təzyiqi qarşısında geri çəkiləcəyi heç bir şübhə doğurmur. Çünki Tramp çoxdan reallıq hissini itirmiş və öz siyasi iradəsini Vaşinqtonun ixtiyarına buraxmış Aropa liderləri ilə hansı tonda danışmağı çox yaxşı bilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   sülh  





Xəbər lenti