Əhali arasında rotavirus və konyuktivit yayılır - VİDEO |
Bu problemlərin qarşısını almaq üçün əlləri tez-tez yuymaq, içməli suyun təmizliyinə diqqət yetirmək, kütləvi yerlərdən uzaq durmağa çalışmaq, şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az -a bildirib ki, hazırda virus əsrində yaşayırıq.
“İnsanların sayı getdikcə artır, flora və faunanı məhv edib özlərinə məskən edirlər. Bu səbəbdən də əvvəllər insanlarda rast gəlinməyən müəyyən viruslarla indi qarşılaşırıq. Koronavirus pandemiyasının əsas səbəblərindən biri də budur. Müxtəlif viruslar artıq bizi təəccübləndirmir. Hazırda rotavirus - qarın boşluğunda ağrılar, qusma, mədə-bağırsaq pozuntuları çox geniş yayılıb. Əvəllər 5 yaşa kimi uşaqlar rotavirusa yoluxduqdan sonra immunitet yaranırdı. Amma hazırda virus fəallaşıb və böyüklər arasında da geniş yayılıb”.
Həkim qeyd edib ki, virus uşaqlar üçün daha təhlükəlidir:
“Çünki uşaqların su tutumu azdır. Qusma və ürəkbulanma onlarda çox ciddi problemlərə gətirib çıxara bilər. Su-elektrolit mübadiləsinin kəskin pozulmasına, qıcolmalara, ürək dayanmasına səbəb ola bilir. Böyüklərdə ishal və qusma baş verdikdə həkimlər müxtəlif preparatlar təyin edirlər. Özbaşına dərmanlar içmək məqsədəuyğun deyil.
Mütləq qısa müddətdə orqanizmin bərpası üçün həkim təyinatı əsasında infuziyalar aparılmalıdır. Xəstəliyin təxminən 10 gün müddəti var. 10 gün müddətində insanlar özlərini gözləsə, xəstəliyin ağırlaşması dayanır. Amma diqqət edilməsə, ağırlaşma ilə nəticələnə bilər. Virusa yoluxmamaq üçün xəstə adamlarla təmasda olmamağa çalışmaq lazımdır”.
Həmidə İbrahimova
AzVision.az