Ermənilər yol ayrıcında: NATO, yoxsa KTMT?

   Ermənilər yol ayrıcında:    NATO, yoxsa KTMT?
  10 İyul 2024    Oxunub:1263
Bu ilin fevral ayında keçirilmiş sorğunun nəticələri ilə müqayisədə Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənlərin sayı 10% azaldığı halda, NATO-ya üzvlüyün tərəfdarları 7% artıb.
AzVision.az xəbər verir ki, “Gallup” beynəlxalq araşdırmalar mərkəzinin erməni ofisinin direktoru Aram Navasardyan jurnalistlərlə görüşündə iyulda rəyi soruşulanların 44,3%-nin Ermənistanın neytral ölkə olması ideyasını dəstəkləyiblər. Onların fikrincə, Ermənistan nə NATO-da, nə də KTMT-də olmalıdır. Lakin respondentlərin 16,9%-i ölkənin KTMT-də qalmasına, 29%-i isə NATO-ya can atmasına tərəfdar çıxıblar.

Navasardyanın sözlərinə görə, sorğuda iştirak edənlərin 15,2%-i Ermənistanın birmənalı şəkildə doğru yolla irəlilədiyini, 10,6%-i əsasən düzgün, 23,1%-i əsasən səhv, 28,5%-i isə birmənalı şəkildə səhv istiqamətdə getdiyini düşünürlər.
Rəyi soruşulnaların 54,8%-i isə baş nazir Nikol Paşinyanın fəaliyyətinə neqativ münasibət sərgiləyib.

“May ayında qeydə alınan rəqəmlərlə müqayisədə Paşinyanın fəaliyyətini tamamilə müsbət qiymətləndirənlərin sayı 9,1%-dən 13,4%-ə, əsasən müsbət qiymətləndirənlərin sayı 18,7%-dən 21,7%-ə, qalxıb. Onun fəaliyyətini əsasən mənfi qiymətləndirənlərin sayı 18,6%-dən 14,5%-ə, tam mənfi qiymətləndirənlərin sayı isə 41,1%-dən 40,3%-ə enib. Respondentlərin 10,1%-i bu sualı cavablandırmaqda çətinlik çəkib”, - Navasardyan bildirib.

Sorğunun nəticələrinə görə, respondentlərin 16,7%-i Ermənistan hökuməti tərəfindən həyata keçirilən sərhədlərin delimitasiyası siyasətinə tamamilə müsbət yanaşır. Bu siyasəti əsasən müsbət qiymətləndirənlər 21,2%, əsasən mənfi sayanlar 17,5%, tamamilə mənfi hal kimi qiymətləndirənlər isə 39,4% təşkil edib. 5,2% respondent bu məsələyə münasibətini müəyyənləşdirə bilməyib.

Sorğu, həmçinin radikalların və revanşistlərin nüfuzunun Ermənistanda xeyli zəiflədiyini üzə çıxarıb. Belə ki, erməni keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən naminə” hərəkatına may ayında 35,1% respondent müsbət yanaşdığı halda, indi bu rəqəm 18,3%-ə düşüb. Onu əsasən müsbət qiymətləndirənlərin sayı da may ayı ilə müqayisədə 17,8%-dən 15,5%-ə enib. Əvəzində bu hərəkata əsasən mənfi münasibət sərgiləyənlər may ayındakı 10%-dən 14,9%-ə qədər çoxalıblar. “Vətən naminə” hərəkatının fəaliyyətinə tamamilə mənfi qiymət verənlərin də sayı may ayındakı 23,5%-dən 32,4%-ə yüksəlib. Bununla belə, rəyi soruşulanların 19%-i hələ də bu hərəkata necə yanaşma sərgiləməyi müəyyənləşdirə bilməyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Gallup   sorğu  





Xəbər lenti