Moskva: “Paris Ukraynaya 2 min əsgər göndərməyi planlaşdırır”

   Moskva: “Paris Ukraynaya 2 min əsgər göndərməyi planlaşdırır”
  11 İyul 2024    Oxunub:1033
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Fransanın Ukraynaya 2 min əsgər göndərmək planı barədə məxfi sənədi açıqlayıb.
AzVision.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) “Feliks” ləqəbli rezidenti fransız əsgərlərinin bu ilin martında Ukraynaya göndərilməyə hazırlandığını bildirib. SVR tərəfindən məxfilikdən çıxarılan bu hesabat “Razvedçik” jurnalının cari ildə çapdan çıxan 2-ci nömrəsində dərc olunub.

“Fransa ordusu Ukraynanın hərbi əməliyyatlar teatrında (cəbhədə - red.) öldürülən fransızların sayının artmasından narahatdır. Yalnız bu il yanvarın 17-də Xarkov yaxınlığında əcnəbilərin müvəqqəti yerləşdirilmə məntəqəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilməsi nəticəsində onlarla Fransa vətəndaşı həlak olub. O vaxtdan bəri Ukrayna münaqişəsində belə hücumlar normaya çevrilib”, - jurnalın 35-ci səhifəsində yerləşdirilən şifrəli mesajda deyilir.

“Feliks” bildirir ki, Fransanın Silahlı Qüvvələr nazirliyi XX əsrin ikinci yarısında yaşanmış Əlcəzair müharibəsindən sonra ölkənin xaricdə belə itkilər vermədiyini etiraf edib. Eyni zamanda itkilərin sayı və Fransanın Ukraynadakı hərbi əməliyyatlarda iştirakı faktı da ciddi-cəhdlə gizlədilir. “Psixoloji cəhətdən əhəmiyyətli həddi” aşmaqla bağlı işlədilən qeyri-müəyyən ifadələr Fransanın Ukraynadakı itkilərinin miqyası barədə təsəvvür yaratmır. Amma rezident iddia edir ki, bu rəqəmlərin açıqlanması ölkədə kütləvi etirazlara səbəb ola bilər.

“Mövcud məlumatlara görə, Fransa kontingenti hələ də Ukraynaya göndərilməyə hazırlaşır. İlkin mərhələdə bu, təxminən 2 min nəfər olacaq”, - hesabatda deyilir.

Kiyev tərəfində döyüşlərdə iştirak edən fransızlar haqqında məlumat toplayan Fransanın antiterror kəşfiyyatının keçmiş əməkdaşı Nikolya Çinkuini aprelin 25-də bildirib ki, Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada azı 75 fransız muzdlusu öldürülüb, yaralanıb və ya geri qaytarılıb.

Bundan əvvəl, martın 19-da isə Fransa Quru qoşunlarının Baş qərargah rəisi, general Pyer Şill Fransa ordusunun “ən çətin” münaqişələrdə iştirak etməyə hazırlaşdığının anonsunu vermişdi. Onun sözlərinə görə, Fransa 20 min əsgərini 30 gün müddətinə yerləşdirməyə, həmçinin müttəfiq ordular da daxil olmaqla 60 min nəfərlik qüvvələrə komandanlıq etməyə qadirdir.

Məhz onda SVR-in direktoru Sergey Narışkin Fransanın Ukraynaya 2 min hərbçi göndərməyə hazırlaşdığını açıqlayaraq, oradakı Fransa hərbi bölmələrinin Rusiya Silahlı Qüvvələrinin hücumları üçün prioritet qanuni hədəfə çevriləcəyini vurğuladı. Beləliklə də, Narışkinin həmin bəyanatının məhz rezident “Feliks”in hesabatına istinadən verildiyi sübuta yetir.

Maraqlıdır ki, Fransanın müdafiə departamenti öz hərbçilərinin Ukrayna münaqişəsində iştirakını mütəmadi şəkildə inkar edib. Bununla belə, hələ yanvar ayının 22-də bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan 300-dən çox fransalı muzdlu döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gəlib. Bu ilin yanvar ayının statistikasına görə, həmin vaxt hərbi əməliyyatların aparıldığı zonada 50 fransız yaraqlısı olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Fransa  





Xəbər lenti