Zelenski də ümidsizdir: Tramp seçilərsə...

    Zelenski də ümidsizdir:    Tramp seçilərsə...
  11 İyul 2024    Oxunub:1232
"Donald Trampın ABŞ Prezidenti seçiləcəyi təqdirdə hansı addımlar atacağını bilmirəm".
Bu sözləri NATO alyansının 75 illik münasibətilə keçirilən sammit çərçivəsində Vaşinqtondakı Ronald Reyqan İnstitutunda çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski dilə gətirib.

O deyib ki, Trampla onun ilk prezidentliyi dövründə "yaxşı görüşlər" keçirsə də, 2022-ci ilin fevralında Rusiyanın hücumundan sonra üz-üzə gəlməyiblər.

(Ukrayna Prezidenti Volodimir Zelenski Ronald Reyqan İnstitutunda çıxışı zamanı)


"İndi bütün dünya, hətta Rusiya lideri Vladimir Putin də noyabrdakı səsvermənin nəticəsini gözləyir. Məncə, (Ukraynaya yardımla bağlı) hərəkətə keçmək və noyabrı gözləməmək lazımdır", - Zelenski vurğulayıb.

O, Trampın yenidən prezidentliyi ehtimalı ilə bağlı isə:

"Ümidvaram ki, Tramp (əgər seçilərsə - red.) 75 illik NATO-dan üz çevirməyəcək və ABŞ Ukraynaya dəstəyini dayandırmayacaq", - söyləyib.

Hərçənd Ukrayna Prezidentinin giley-güzarı ehtimal üzərindədir və cari prezident Co Bayden bu ölkəyə yardımın qətiyyətlə davam edəcəyini diqqətə çatdırıb, ancaq Zelenski öz narahatlığında haqsız deyil. Çünki potensial başbilən Donald Tramp ABŞ-nin bu ölkə üçün ayırdığı hərbi yardımın həcmi (indiyədək təqribən 60 milyard dollar) ilə bağlı tez-tez öz narazılığını dilə gətirib. Ötən günlərdə isə iki xüsusi müşaviri: general-leytenant Kit Kelloq və Frederik Fleyts ona bu məsələ ilə bağlı plan təhvil veriblər. Plana əsasən, əgər Kiyev Moskva ilə konkret sülh danışıqları aparmasa, Vaşinqton ona dəstəyini kəsəcək. Şübhəsiz ki, bu plan Trampın prezident kürsüsünə oturacağı təqdirdə həyata keçiriləcək.

(Volodimir Zelenski və Donald Tramp 2019-cu ildə görüş zamanı)

Tramp hələ 2020-ci ildə də Zelenskiyə yardım müqabilində başqa bir şərt irəli sürmüş, rəqibi Co Baydenə qarşı qarayaxma kampaniyasına kömək üçün ona təzyiq göstərməkdə təqsirləndirilmişdi. Liderlərlərin telefon danışığı nəticəsində üzə çıxmış bu qalmaqal ABŞ mətbuatına "Ukrainegate" (məşhur Votergeyt skandalına əsasən) adlandırılmışdı. Hərçənd Senat Trampı təqsirsiz sayaraq, ona bəraət vermişdi.

Yenidən prezident seçilmək uğrunda cidd-cəhdlə çalışan Donald Tramp oxşar əməlini yenidən təkrarlayır. Doğrudur, onun planının icrası yalnız prezidentlik səlahiyyəti alacağı halda mümkündür, lakin bu onun Ukrayna-Rusiya müharibəsinə hansı nöqteyi-nəzərdən yanaşdığını bir daha təsdiqləyir. Onun bu müharibə fonunda NATO-ya münasibəti də açıq-aydındır. Cari ilin fevralında alyansın müdafiə xərclərinə lazımi vəsait ayırmayan ölkələri Rusiya təhlükəsi ilə hədələməsi Avropa liderlərini bərk qəzəbləndirmişdi. Bir sıra dövlət və hökumət başçısı. o cümlədən Polşanın Baş naziri Donald Tusk fransalı həmkarı Emmanuel Makronla görüşündə Avropanı bu, ya digər şəraitdə ABŞ-yə qarşı möhkəm dayanmağa səsləmişdi:

"Avropa İttifaqı, Fransa və Polşa güclü olmalı, öz sərhədlərini və ittifaq xaricindəki müttəfiqlərini, dostlarını qoruyub dəstəkləməyə hazır dayanmalıdır".

(Polşa Baş naziri Donald Tusk və Fransa Prezidenti Emmanuel Makron cari ilin fevralında görüş zamanı)

Donald Tramp yenidən prezident postunu qazanarsa, dünyadakı ikinci böyük müharibə ocağına - İsrail-HƏMAS müharibəsinə yanaşması da qlobal dinamikanın dəyişməsinə gətirib çıxaracaq. Sözügedən müharibədə tərəflərin uzlaşmasına, ortaq məxrəcə gəlməsinə çalışan Bayden hökumətindən fərqli olaraq, o, birmənalı şəkildə İsrailin qələbəsinin tərəfdarıdır. İsrailin məruz qaldığı hücumlarda Co Baydeni günahlandıraraq dəfələrlə deyib ki, "əgər prezident özü olsa idi, HƏMAS-ın ötən il 7 oktyabrda İsrailə zərbəsi baş tuta bilməzdi".

Özünü "İsrailin indiyəcən ən yaxşı dostu (oxu: "müttəfiqi")" adlandıran Tramp ABŞ-dəki anti-İsrail mövqeyinə malik siyasətçiləri də tənqid atəşinə tutur. Məsələn, mart ayında İsrailin Baş naziri Benyamin Netanyahunu və İsrailin Qəzzaya qarşı müharibədə rəftarını pisləyən senator Çak Şumerin ünvanına sərt cavab vermişdi:

"Artıq hətta Çak Şumer də özünü fələstinli kimi aparır. Başa düşürsünüz: Çak Şumer - yəhudi! Həmişə İsraili dəstəkləyərdi, indi isə əksinə".

Hərçənd maraqlıdır ki, Tramp digər tərəfdən Netanyahu hökuməti ilə də bəzən anlaşmazlıqlara düşür. 7 oktyabrda HƏMAS-ın hücumunu qabaqdan öyrənib dayandıra bilmədiyinə görə İsrail kəşfiyyatını qınaması onun müəyyən mənada "obyektiv", müəyyən mənada "ikili standarta malik" yanaşmasını bariz nümunəsidir.

Bu, ya digər tənqidlərə baxmayaraq, Donald Trampın İsraili və onun qələbəsini dəstəkləyir. İsrail-HƏMAS müharibəsinin başlamasından 1 həftə sonra sosial şəbəkədə paylaşdığı videomüraciəti də bu məqamı təsdiqləyir:

"Unutmayın, İsraili mən qorudum. İsraili mən qorudum! Başqası qoruya bilməzdi".

Bu ilin martında "Israel Hayom" ("İsrail Bu gün") qəzetinə müsahibəsi də onun mövqeyinin dəyişmədiyindən xəbər verir. O, müsahibədə İsrail hökumətinə müraciətlə:

"Müharibəni bitirməlisiniz", - söyləmişdi. Söz yox ki, Tramp burada tərəflərə silahı yerə qoyub sülh bağlamaq təklifi vermir, məhz İsrailin HƏMAS üzərində qələbə çalmasını istəyir.

Beləliklə, hazırda həm Rusiya-Ukrayna müharibəsinin, həm də Yaxın Şərqdəki vəziyyətin gedişatı ABŞ-də prezident seçkilərinin nəticəsindən qəti surətdə asılıdır. Yardım azlığından, dəstək göstərilməməsindən mütəmadi şikayətlənən Zelenski də, HƏMAS-la atəşkəs danışıqlarında vasitəçi rolunu oynayan Vaşinqtonun "işarəsini gözləyən" İsrailin hökumət nümayəndələri də məhz bu nəticəni gözləyirlər. Necə deyərlər, "kimsə qazanırsa, deməli, bir başqası da itirir". Zelenski Trampın prezidentlik ehtimalından gileylənirsə, deməli, bu, Rusiya Prezidenti Vladimir Putinin ürəyincə ola bilər. Digər tərəfdən, əgər Tramp Ağ Evə qayıdarsa, Yaxın Şərqdə HƏMAS-ın timsalındakı terror təşkilatlarını heç də işıqlı günlər gözləmir...

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Rusiya   Yaxın-Şərq   prezident   seçkilər  





Xəbər lenti