Böyük ümidlər: Həkim İranı "sağalda" bilərmi?

      Böyük ümidlər:    Həkim İranı "sağalda" bilərmi?
  12 İyul 2024    Oxunub:2099
İran xalqı prezident seçkilərində qələbə çalan Məsud Pezeşkiyandan ölkənin ictimai-siyasi mühiti üçün böyük dəyişikliklər gözləyir.
69 yaşlı Məsud Pezeşkiyan haqqında qısaca arayış versək, deyə bilərik ki, o, Məhabad (Soyuqbulaq) şəhərində dünyaya gəlib, əslən azərbaycanlıdır. İxtisasca ürək cərrahıdır. (Maraqlıdır ki, soyadındakı "pezeşk" sözü farsca "həkim" deməkdir; "pezeşkiyan" isə "həkim nəslindən gələn" mənasını verir). 2001-2005-ci illərdə ovaxtkı islahatçı prezident Məhəmməd Xatəminin hökumətində səhiyyə və tibb təhsili naziri vəzifəsində çalışıb. 2008-ci ildən İran İslam Şurası Məclisinin (parlament) deputatı, 2016-2020-ci illərdə isə parlament sədrinin birinci müavini idi. İyulun 30-da isə o, prezident kimi and içəcək.

Doğrudur, İranda prezidentin səlahiyyətləri məhdud və əhatəsizdir, o ancaq hökumətin başçısıdır. İqtidar 1989-cu ildən bəri ali dini lider ayətullah Əli Xameneinin əlindədir. Pezeşkiyanın belə bir şəraitdə fundamental dəyişikliklər həyata keçirməsi yalnız ali rəhbərlə, imtiyazlı ruhanilər və təhlükəsizlik qüvvələri ilə ixtilafa girməsi, onların "sözündən çıxması" halında mümkündür. Söz yox ki, islahatçı prezident ölkəni bu cür ikitirəlik meydanına çevirmək istəməz, lakin hakimiyyətə gəlməsi, bəlkə də, dəyişikliklər üçün zəmin yarada bilər.

(Məsud Pezeşkiyan seçki kampaniyasında. Tehran, 3 iyul 2024)

Əvvəla onun seçkilərdə 53.7% səs toplayaraq öz rəqibini - qatı mühafizəkar siyasətçi Səid Cəlilini (44,3% səs) üstələməsi xalqın "molla rejimi"ndən qurtulmaqla bağlı böyük ümidlərinin ilk qələbəsi sayıla bilər. Hərçənd reallıq çərçivəsində bu ifadə çox romantik səslənir...

Kembric Universitetinin iranlı tədqiqatçısı İqan Şəhidinin "Deutsche Welle" nəşrinə açıqlaması da təsdiqləyir ki, İranda bir çox taleyüklü, siyasi əhəmiyyətli məsələ, o cümlədən ölkənin nüvə proqramı, xarici siyasət, təhlükəsizlik siyasəti prezidentin səlahiyyətinə aid deyil. Üstəlik, hakimiyyətin təqribən bütün təşkilatları mühafizəkar şəxslərin idarəsindədir. Belə bir mühitdə islahatçı, yenilik tərəfdarı prezidentin nüfuzuna kölgə salır.

(Kembric Universitetinin iranlı tədqiqatçısı İqan Şəhidi)

"Ali liderin də bildirdiyi kimi, prezident İslam Respublikasının xarici siyasətinə qarışa bilməz. Bu məhz Xameneinin və ali təhlükəsizlik orqanlarının qərarlarına əsaslanır", - İqan Şəhidi deyir.

Reallıq və romantikanın çarpışdığı qatı teokratiya rejimində Pezeşkiyanın hətta hansısa kiçik dəyişikliklər həyata keçirə biləcəyi də, əslində, qeyri-müəyyəndir. Hər halda, siyasətdə konkret nüfuzu var; ən başlıcası, 85 yaşlı Xameneinin xələfinin seçilməsində iştirak haqqı var.

Yaxın Şərqdəki vəziyyətin getdikcə ağırlaşdığı, İsrailin Qəzzada HƏMAS-la, şimal sərhədində isə "Hizbullah"la vuruşduğu bir dövrdə İranın bu regional münaqişəyə birbaşa qoşulması ehtimalı böyükdür. Belə bir şəraitdə hakimiyyətə gələn Pezeşkiyanı bir sıra çətinliklər gözləyir.

Digər tərəfdən, İranda iqtisadi vəziyyət ürəkaçan deyil. İnflyasiya 40%-ə çatıb ki, bu, İran rialının rekord səviyyədə ucuzlaşması deməkdir. İşsizlik nisbəti də xeyli yüksəkdir; 90 milyonluq əhalinin 1/3-i, yəni 30 milyon insan yoxsulluq həddində yaşayır.

Parisdə yerləşən Elmi İqtisadiyyat və İdarəetmə İnstitutunun (IÉSEG) dosenti Həmid Babai bildirir ki, Pezeşkianın prezident kimi əsas məqsədi iqtisadi artımı sürətləndirmək, inflyasiyanın qarşısını almaqdır. Dosentin sözlərinə görə, İranda son 15 ildə ümumi iqtisadi artım sıfıra bərabərdir, inflyasiya isə ilk növbədə büdcə kəsirləri və monetar ekspansiyadan irəli gəlir.

"Bu cür xronikləşmiş iqtisadi problemlərin həllini Pezeşkiyandan gözləmək sadəlövhlükdür. İranın makroiqtisadi göstəriciləri elə bir enişə doğru gedir ki, heç bir prezident onu düzəldə bilməz", - Babai vurğulayır.

İran öz iqtisadiyyatını qaydasına salmaq istəyirsə, əvvəla təcrid mühitindən çıxmalı, beynəlxalq sanksiyalardan qurturmalı və Qərblə uzlaşmalıdır. Yeni prezidentin vədləri də elə bu istiqamətdədir. Hərçənd nüvə proqramı ilə bağlı səlahiyyəti yoxdur, amma o, bir sıra ölkə (ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) ilə 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpasının da tərəfdarıdır. ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Vaşinqtonu sazişdən çıxarıb Tehrana qarşı yenidən sanksiyalar irəli sürməsi nəticəsində bu saziş qeyri-müəyyən vəziyyətdə qalıb.

(Məhsa Əmini)

Pezeşkiyan həmçinin sərt teokratik qaydaların, xüsusilə hicab məcburiyyətinin ləğvi barədə də ilkin vədlər verib. Sözügedən qaydaları nəzarətdə saxlayan, pozuntulara qarşı ağır cəzalar kəsən "əxlaq patrulları"na da qarşı çıxacağını söyləyib. Məhz belə bir siyasətin nəticəsidir ki, 2022-ci ilin 16 sentyabrında hicabı düzgün taxmayan 22 yaşlı Məhsa Əmini polis bölməsində müəmmalı şəkildə həyatını itirmişdi. Beləliklə, rejimə qarşı həm daxili kütləvi nümayişlər, həm də xaricdən dəstək aksiyaları başlamış, etirazların sərt şəkildə yatırılması cəmiyyət və hakimiyyət arasında uçurumu daha da genişləndirmişdi.


(Məhsa Əmininin ölümü nəticəsində İranda başlayan kütləvi etirazlar)

Tədqiqatçı İqan Şəhidinin fikrincə, yeni prezidentin dövründə İranda bu, ya digər insan hüquqları çərçivəsində qadınlara və dini azlıqlara münasibətin müsbət istiqamətə doğru dəyişməsini gözləmək də düzgün deyil.

"Aydındır ki, İran xalqının hüquqlarını pozan ictimai qaydalar hökumətin ali təşkilatları tərəfindən hazırlanır. Prezidentin bu sahədə hər hansı dəyişiklik və ya təkmilləşdirmə aparmaq səlahiyyəti yoxdur", - Şəhidi bildirir.

Hazırda İran xalqı və əlbəttə, Güney Azərbaycan 30 iyul tarixini gözləyir. Məsud Pezeşkiyan həmin gün and içərək rəsmən prezident vəzifəsinə gələcək. Məhdud səlahiyyəti çərçivəsində hansı addımlar atacağı, vədlərini hansı dərəcədə yerinə yetirəcəyi və ən əsası, ölkənin ali teokratik hakimiyyətindən hansı səviyyədə asılı qalacağı həm daxildə, həm xaricdə hər kəs tərəfindən maraqla gözlənilir. Onun hakimiyyətində Azərbaycanla münasibətlərə gəlincə isə, mütəxəssislər müsbət irəliləyişlərin baş verəcəyinə ümidlidirlər.

Politoloq İlyas Hüseynov "Azvision.az"a açıqlamasında dilə gətirib ki, Pezeşkiyanın prezidentliyi dövründə ilk növbədə İranda azərbaycanlıların hüquqlarının qorunması, onların ana dilində təhsil almaq hüquqlarının tanınması gözlənilən addımdır:

(Politoloq İlyas Hüseynov)
Pezeşkianının seçilməsi İran-Azərbaycan münasibətlərinə nə vəd edir?

"Bu, Bakı ilə Tehran arasında münasibətlərə müsbət təsir göstərər. Digər tərəfdən, cənab Prezident İlham Əliyev Pezeşkiyanı təbrik edib. Bu da qarşılıqlı səfərlərin anonsunu verir. Səfərlər və müzakirələr kontekstində ziddiyyətlərin aradan qaldırılması istəniləndir. Azərbaycanın diplomatik nümayəndəliyinin tezliklə İranda fəaliyyətə başlaması da münasibətləri daha da yaxşılaşdıracaq".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   prezident  





Xəbər lenti