Bayden Amerika xalqına müraciət etdi

   Bayden    Amerika xalqına müraciət    etdi
  15 İyul 2024    Oxunub:1309
ABŞ prezidenti Co Bayden ölkənin keçmiş rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı xalqa müraciət edib.

AzVision.az xəbər verir ki, Ağ Evin Oval kabinetindən etdiyi təxminən 7 dəqiqəlik video-müraciətdə Co Bayden amerikalıları siyasətdə zorakılıqdan əl çəkməyə çağırıb.

“Siyasi həyatımızda mövcud olan hərarəti aşağı salmalıyıq. Bu cür zorakılığın normaya çevrilməsinə yol vermək olmaz. Ölkəmizdə siyasi ritorika çox qızışıb. Onu sərinlətmək vaxtıdır. Bunu etmək hamımızın borcudur”, - ABŞ prezidenti vurğulayıb.

Bayden qeyd edib ki, siyasət “dinc müzakirələr meydanı” olmalıdır və burada zorakılıq heç vaxt cavab ola biməz. Siyasi mübarizə heç vaxt əsl döyüş meydanına və Allah eləməsin, qətl meydanına çevrilməməlidir.

- Amerikada biz fikir ixtilaflarımızı seçki qutusu qarşısında həll edirik. İndi bunu etməyin vaxtıdır. Güllənin köməyi ilə yox, seçki qutusu qarşısında”, - Ağ Evin rəhbəri bildirib.

Trampa qarşı sui-qəsd törədilib
Öz rəqibi Donald Trampa tezliklə sağalmasını arzulayan Co Bayden, mitinq zamanı ailə üzvlərini güllələrdən qoruyarkən həlak olmuş 50 yaşlı yanğınsöndürən Kori Komepatoru qəhrəman adlandırıb. Habelə, Trampın mitinqində güllə yarası almış 57 yaşlı Devid Datçın və 74 yaşlı Ceyms Kopenheyverin hələ ki, ağır vəziyyətdə xəstəxanada olduqlarını bildirib.
ABŞ lideri ölkənin kəşfiyyat orqanlarının sui-qəsdçinin motivləri ilə bağlı hələlik heç bir dəqiq nəticə çıxarmadığını da diqqətə çatdırıb. “BBC”nin iddiasına görə, prezident çıxışında etibarlı faktların olmadığı bir vaxtda internetdə çoxsaylı yalan iddiaların və sui-qəsd nəzəriyyələrinin yayılmağa başladığına eyham vurub.

- Atəş açanın motivləri hələ də bizə məlum deyil. Onun hansı baxışlara sahib olduğunu və kimi dəstəklədiyini bilmirik. Kimdənsə kömək və ya dəstək alıb-almadığını və ya başqası ilə əlaqə saxladığını bilmirik”, - Co Bayden deyib.

Qeyd edək ki, prezidentliyi dövründə bu, Baydenin Oval kabinetdən etdiyi üçüncü müraciətidir. Adətən ən ciddi hadisələrə həsr olunan belə çıxışlar nisbətən nadir hallarda edilir. Bayden əvvəlki belə müraciəti ötən ilin oktyabrında, HƏMAS-ın İsrailə hücumundan sonra etmişdi. Bundan əvvəl isə, 2023-cü ilin iyununda xalqa müraciət ünvanlayaraq ABŞ Konqresindən ölkənin dövlət borcunun yuxarı həddinin artırılmasına icazə verməsi tələbini qoymuşdu.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Bayden   müraciət  





Xəbər lenti