Orban Ukrayna üzrə sülh planını Aİ liderlərinə təqdim edib

   Orban Ukrayna üzrə    sülh planını    Aİ liderlərinə təqdim edib
  15 İyul 2024    Oxunub:1180
Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı münaqişənin həllinə dair sülh planı bütün Aİ liderlərinin masasındadır.
AzVision.az xəbər verir ki, Macarıstan hökuməti rəhbərinin siyasi məsələlər üzrə müşaviri Balaj Orban “Magyar Nemzet” qəzeyinə müsahibəsində belə deyib.

“Əslində, Orbanın planından danışırıq ki, bu plan da indi bütün Aİ baş nazirlərinin masasındadır. Bizim yanaşmamız vəziyyətin real qiymətləndirilməsinə, real hədəflərə və uyğun qrafikə əsaslanır”, - Balaj Orban vurğulayıb.

Onun sözlərinə, Macarıstanın rolunu şişirtmək olmaz, lakin Orbanın iki həftə ərzində “dünyanın əksər ölkələrinin illərdir gözlədiyi” bir neçə görüş keçirə bilməsini də qiymətləndirməmək düzgün deyil. Beləliklə də, baxılmaq üçün “siyasi təşəbbüslər” irəli sürən Budapeşt Aİ-yə sədrliyinin bütün dövrünü “sülh danışıqlarına şərait yaratmağa” sərf edəcək.

- Macarıstanın baş naziri səfərləri barədə Aİ liderlərinə ətraflı məlumat verib. Bu səfərlər çox vacib idi. Çünki hazırda bizim ölkəmiz müharibə edən tərəflərin və ən mühüm vasitəçi oyunçuların necə düşündüyü, müxtəlif maraqlar arasında necə manevr etmələri barədə təzə və konkret məlumata malik yeganə ölkədir”, - siyasi məsələlər üzrə müşavir diqqətə çatdırıb.

Onun fikrincə, Avropa sülhə ciddi yanaşarsa, o zaman ən azı “həyata keçirmək şansı minimal olan” plan yarada bilər.

Viktor Orban indi də Trampla görüşməyə hazırlaşır
Xatırladaq ki, bu ayın ilk ongünlüyündə Macarıstanın baş naziri öz sülh planı təklifi ilə Kiyevə, Moskvaya və Çinə səfər etdikdən sonra, NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, daha sonra isə ABŞ-nin sabiq prezidenti Donald Trampla onun Floridadakı Mare-a-Laqo malikanəsində görüşlər keçirib.

Pekinə səfərindən sonra Viktor Orban Ukraynadakı böhranı münaqişə tərəflərinin həll etməli, lakin ABŞ-nin, Çinin və Aİ-nin ona son qoyulmasında ciddi təsirə malik olduqlarını vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirb ki, Orbanın dialoq üçün siyasi iradə nümayiş etdirməsini Moskva müsbət və faydalı hal sayır. Lakin Avropa diplomatiyasının rəhbəri Josep Borrell Orbanın Aİ-ni xarici arenada təmsil etmədiyini və Macarıstanın altı ay ərzində Aİ Şurasının sədri olmasına baxmayaraq, Rusiyaya səfər üçün Avropanın ona mandat vermədiyini söyləyib.

Borrelin tənqidinə verdiyi sərrast cavabda Viktor Orban “Brüssel bürokratlarının sərsəmləmələri ucbatından” Ukraynaya sülh gətirmək səylərinin nəticə vermədiyini onun diqqətinə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orban   Ukrayna  





Xəbər lenti