İsrailli deputat: "Ordu Qəzza-Misir sərhədindən çıxarılmamalıdır"

      İsrailli deputat:    "Ordu Qəzza-Misir sərhədindən çıxarılmamalıdır"
  17 İyul 2024    Oxunub:505
"İsrail Ordusu Qəzza-Misir sərhədindəki Filadelfi dəhlizindən çıxarılarsa, hökuməti dəstəkləməyi şəxsən dayandıracağam".
AzVision.az xəbər verir ki, bu sözləri "Likud" ("Konsolidasiya") Partiyasının nümayəndəsi, deputat Moşe Saada ölkənin "103 FM" radiosuna açıqlamasında söyləyib.

Belə ki, son günlər İsrail hökumətinin sözügedən dəhlizə nəzarətdə alternativ yollarla bağlı müzakirələr apardığı və qoşunların oradan çıxarılacağı bildirilir. Hərçənd Baş nazir Benyamin Netanyahunun ofisi bu xəbəri yalanlasa da, onun partiyasına mənsub deputat Saada belə bir addımı "İsrail dövlətinin varlığına təhlükə" kimi qiymətləndirib.

"Həmin dəhliz HƏMAS terrorçularının "oksigen borusu" mahiyyətindədir. Oraya nəzarəti boşlamaq İsrail torpağında yəhudi xalqı üçün həyati təhlükə yaradacaq. Bu, qırmızı xətlərimizdən biridir - çünki, təəssüf ki, qanla cızılıb. Bu barədə vaxtı ikən Baş nazirə də öz xəbərdarlığımı bildirmişəm. İnanıram ki, o, fikrimlə razıdır", - Saada vurğulayıb.

Yeri gəlmişkən, hazırda İsrailin ələ keçirməyə çalışdığı Rəfəh şəhəri məhz Qəzza-Misir sərhədində yerləşir. İsrailin bütün sərhəd zolağını tutması nəticəsində Filadelfi dəhlizi mülki sakinlərin də qida və dərman ehtiyacı üçün yeganə təminat yoluna çevrilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   Misir   sərhəd  





Xəbər lenti