Moskvada fransız casusu ifşa olundu

   Moskvada fransız casusu ifşa olundu
  22 İyul 2024    Oxunub:1048
Moskvada mehmanxanada yaşayan və daimi yaşayış yeri olmayan Fransa vətəndaşı Loran Vinatye Rusiyanın hərbi fəaliyyəti haqqında məlumat toplamaqda təqsirləndirilir.
AzVision.az bu barədə Rusiya mediasına istinadən xəbər verir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, barəsində qabaqlayıcı tədbirin seçilməsi ilə bağlı keçirilən iclasda Vinatye elmlər doktoru olduğunu və İsveçrə Humanitar Dialoq mərkəzində məsləhətçi işlədiyini bildirib.

“Vinatyenin müvəqqəti olaraq mehmanxanada yaşadığı müəyyənləşdirilib, belə ki, onun görüşləri üçün bura rahat olub. Təqsirləndirilən şəxsin özünün Rusiya ərazisində daimi yaşayış yeri olmayıb. Amma Vinatyenin arvadının Moskvada mənzili var və o, ev dustaqlığı barədə qərar çıxarılacağı halda ərinin həmin mənzildə yaşamasına etiraz etməyib, - Rusiya əks-kəşfiyyatındakı həmsöhbət deyib.

Zamoskvoretski rayon məhkəməsi Vinatyeni iyunun əvvəlində həbs edib. O, 2024-cü il avqustun 5-dək həbsdə qalacaq. Fransalıya qarşı Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma ittihamı ilə cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, Vinatye bir neçə il ərzində məqsədyönlü şəkildə Rusiyanın hərbi və hərbi-texniki fəaliyyəti sahəsində” məlumat toplayıb.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayının əvvəllərində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olundu.

Bu hadisədən sonra yaşanan böyük qalmaqal fonunda Emmanuel Makron Fransa Baş Xarici Kəşfiyyat idarəsinin (DGSE) baş direktoru Bernar Emini istefaya göndərmək məcburiyyətində qaldı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   Fransa   casus  





Xəbər lenti