Aİ liderlərinin Baydenin qərarına reaksiyası

   Aİ liderlərinin Baydenin qərarına reaksiyası
  22 İyul 2024    Oxunub:1087
ABŞ prezidenti Co Baydenin dövlət başçısı postu uğrunda yarışda iştirakdan imtina etməsindən sonra Avropa İttifaqı ölkələrinin liderləri üç qrupa bölünüb.
AzVision.az xəbər verir ki, Baydenin qərarına verdikləri reaksiyaya görə “Politico” nəşri Aİ liderlərini 3 qrupa bölüb: onların bir hissəsi bu qərarına görə ABŞ prezidentini tərifləyir, ikinci qrupa daxil olanlar respublikaçı Donald Trampa dəstəyini göstərmək üçün yaranmış vəziyyətdən yararlanır, üçüncülər isə, sadəcə, sosial şəbəkədə olmaqdan zövq alırlar.

Məsələn, Almaniya kansleri Olaf Şolz Baydenin imtina qərarını dəstəkləyənlərin sırasında yer alıb.

“Məni dostum Co Bayden öz ölkəsi, Avropa, dünya üçün çox şey əldə edib. Onun sayəsində transatlantik əməkdaşlıq möhkəmdir, NATO güclüdür, ABŞ isə bizim üçün yaxşı və etibarlı tərəfdaşdır. Onun yeni müddətə preizdentliyə getməmək qərarı hörmətə layiqdir”, - Şolz “X” şəbəkəsində yazıb.

Analoji ruhda mövqe sərgiləyən Polşanın baş naziri Donald Tusk indiyədək Co Baydenin qəbul etydiyi çoxsaylı çətin qərarlar sayəsində Polşanın, Amerikanın və bütün dünyanın daha təhlükəsiz, demokratiyanın isə daha güclü olduğunu vurğulayıb.

- Mən bilirəm ki, son qərarınızı açıqlayanda eyni motivləri rəhbər tutmusunuz. Yəqin ki, bu həyatınızdakı ən çətin qərardır”, - Polşanın baş naziri bildirib.

Böyük Britaniyanın yeni baş naziri Kir Starmer də, öz növbəsində, Co Baydenin seçiminə hörmətlə yanaşdığını açıqlayıb. Starmer bildirib ki, bütün əlamətdar karyerası ərzində olduğu kimi, Baydenin Amerika xalqı üçün ən yaxşı saydığı düşüncəyə əsaslanaraq qərar verəcəyinə əmin idi.

Çexiyanın baş naziri Petr Fiala Baydenin namizədlikdən imtina etməsini ölkəsinə onilliklər ərzində xidmət göstərmiş dövlət xadiminin qərarı kimi qiymətləndirib. Onun fikrincə, bu qərar məsuliyyətli və çətin addım olduğu üçün daha da dəyərlidir.

İspaniyanın baş naziri Pedro Sançes isə Baydenin qərarını “cəsarətli və layiqli” addım adlandıraraq, ABŞ prezidentinə heyran və minnətdar olduğunu söyləyib.

Lakin Böyük Britaniyanın “Reform UK” sağçı populist partiyasının lideri Naycel Farac öz soydaşı Kir Starmerdən və bəzi Aİ liderlərindən fərqli bəyanat verib.

“Bunun belə olacağını 2023-cü ilin sentyabrında proqnozlaşdırmışdım. Demokratların kimi seçməsindən asılı olmayaraq, respublikaçı namizəd Donald Tramp noyabrda qalib gələcək”, - britaniyalı sağçı müxalif “X” şəbəkəsində yazıb.

Naycel Faracla razılaşan Avropa Parlamentinin ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının deputatı Maksimilian Kraxın fikrincə, Co Baydenin ABŞ-nin indiki vitse-prezidenti Kamala Harrisi onu əvəz etməsi barədə qərarı da Trampı “dayandıra bilməyəcək”.

Məsələ ilə bağlı neytral mövqe sərgiləyən Latviya prezidenti Edqars Rinkeviçs isə “X” sosial şəbəkəsində “siyasət indiki qədər maraqlı olmayıb” ifadəsini yazıb.

Qeyd edək ki, Co Bayden partiya üzvlərinin həftələrlə davam edən təzyiqindən sonra dünən seçki yarışından geri çəkildiyini açıqlayıb. Verdiyi qərarla bağlı “X” sosial şəbəkəsində paylaşım edən Bayden, gələcək seçkilərdə demokratların namizədi kimi indiki vitse-prezident Kamala Harrisi dəstəklədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Bayden  





Xəbər lenti