ABŞ-də seçkilər: "Yuxulu prezident" niyə yarışdan çıxdı?

  ABŞ-də seçkilər:  "Yuxulu prezident" niyə yarışdan çıxdı?
  22 İyul 2024    Oxunub:974
"Co Baydenin prezidentlikdən namizədliyini geri çəkməsi xəbəri gözlənilən idi. Bir çox analitiklər onun məhz seçki ərəfəsi zamanı yarışdan imtina etməsi ilə bağlı proqnozlar vermişdi. Lakin məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatlarında siyasi qruplar bir sıra ailələrin biznesidir və onlar qərar vermişdi ki, Co Bayden kimi "yuxulu prezident" onlar üçün daha əlverişlidir.
Bu sözləri AzVision.az -a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Bayden namizədliyini geri götürdü
Onun sözlərinə görə, Baydenin seçki marafonundan uzaqlaşdırılması üçün Demokratlar Partiyasının daxili fraksiyalararası mexanizmi işə düşüb:

"Namizəd olmaq uğrunda Demokratlar Partiyasından “mötədillər” və “Sağmərkəzçi” fraksiyalarının nümayəndələri işlərə start verib. Onlardan biri Mişel Obamanın namizədliyini irəli sürürdü. Digəri isə Kamala Harrisin namizədliyini faktiki olaraq dəstəkləyib. Bu, iyulun əvvəlində baş verdi. Amma bu günlərdə elan olunub ki, Mişel Obama seçkiyə qatılmır. Mənim fikrimcə, bu qərar dəyişə bilər. Çünki istər Mişel Obama, istərsə də Kamala Harrislə bağlı daxildə ciddi kampaniyalar başlayıb".

Politoloq Co Baydenlə Donald Trampla arasında keçirilən debatı da xatırladıb:

"Ümumiyyətlə, bu debatın özünün keçirilməsini də Demokratlar Partiyasının Baydendən canını qurtarmaq təşəbbüsü adlandıra bilərik.

Çünki belə böyük debatlar adətən noyabr ayına daha yaxın ərəfələrdə olur. Bu debatın tez keçirilməsi Demokratlar Partiyasının öz partiyadaşlarına məhz bu namizəddən imtinası və cəmiyyətə bunu nümayiş etdirmək üçün əsas oldu. Bu, Baydenin prezidentlikdən geri çəkilməsinin informativ bazası idi.

Paralel olaraq Bayden ard-arda Donald Trampa qarşı hücumların əsasını təşkil edəcək açıqlamalar verdi. Böyük debatın keçirilməsi əslində sadəcə Bayden üçün deyil, həm də Tramp üçün də ciddi risklər formalaşdırmaq məqsədilə atılmışdı. Co Baydenin hücumlarına qarşı Donald Tramp siyasətçiyə yaraşmayan tərzdə cavablar verdi. Bu da əslində cəmiyyətə "hər iki namizəd yararsızdır" fikirini sübut etmək üçün idi. Sadəcə Trampla bağlı vəziyyəti ona qarşı sui-qəsd dəyişdi".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   ABŞ   CoBayden   DonaldTramp   seçkilər  





Xəbər lenti