Zelenski: “Öz raketlərimizdən istifadə edəcəyik”
“Raket proqramımız yaxşı irəliləyir və bu çətin iş olsa da, biz tədricən öz raketlərimizdən istifadə etmək qabiliyyətinə yaxınlaşırıq və yalnız tərəfdaşlarımızın verdikləri raketlərə arxalanmırıq”, - Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının vəzifəsi rus hərbi birləşmələrinin daimi effektiv məğlubiyyəti, onların maddi-texniki təminatına, habelə “təkcə cəbhədə deyil, həm də bütün əlçatan dərinlikdə” əhəmiyyətli mövqelərinə zərbələrin endirilməsidir.
Volodimir Zelenskinin tezliklə yerli raketlərdən istifadə olunacağı barədə bəyanatının Almaniyanın “Rheinmetall” şirkətinin Ukraynada sursat zavodu tikmək planlarından qaynaqlandığı istisna deyil. Belə ki, Ukrayna mediasının yazdığına görə, bu konsern iki ilə Ukraynada sursat istehsal edən zavodun tikilməsi ilə bağlı Kiyevdən sifariş alıb.
Sifarişə zavodun istismara verilənədək tam texniki təchizatı daxildir. Hazırda Ukraynada lazımi infrastrukturun təminatı istiqamətində tədbirlər davam etdirilir. Ukraynalı müştərək müəssisə tərəfdaşı ilə birlikdə “Rheinmetall” konserni həm də zavodun istismarına cavabdeh olacaq. Sifarişin dəqiq dəyəri barədə açqılama verilməsə də, bunun 100-500 milyon avro diapozonunda olduğun bildirilir.
Bu arada, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, Qərbin Kiyevə verəcəyi F-16 qırıcıları böyük dəstək olsa da, onların cəbhədə istifadəsini məhdudlaşdıran məqamlar var.
“F-16 Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək və Kiyevə Rusiyanın qanadlı raketlərinə qarşı daha effektiv hərəkət etməyə və yer hədəflərini dəqiq vurmağa imkan verəcək. Lakin F-16-nın imkanları üçün məhdudiyyətlər var. Onlar Moskva tərəfindən vurulmaq riskinə görə cəbhə xəttindən 40 km və ya daha çox məsafədə qalmalıdırlar”, - Aleksandr Sırski vurğulayıb.
Hələlik F-16 təyyarələrinin Ukraynaya gəldiyi ilə bağlı məlumat yoxdur. Amma ABŞ-nin Dövlət katibi Antoni Blinken NATO-nun iyulda Vaşinqtonda keçirilən NATO- sammitində “Lockheed Martin” şirkətinin istehsal etdiyi F-16-ların bu yay Ukrayna səmasında uçacağını bildirib. Onun sözlərinə görə, Danimarka və Hollandiya artıq F-16 qırıcılarını Ukraynaya təhvil verməyə başlayıblar.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı general Ceyms Hekker isə F-16 qırıcılarının Ukraynaya gəlişinin bütün dərdlərə çarə olmayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, ukraynalı pilotlar bir neçə həftə ərzində hava üstünlüyü əldə etməyəcəklər.
Sahil İsgəndərov
AzVision.az