Meloni: "İsrail qisas tələsinə düşməməlidir"

    Meloni:  "İsrail qisas tələsinə düşməməlidir"
  30 İyul 2024    Oxunub:1093
İtaliyanın Baş naziri Corca Meloni İsrail və "Hizbullah" arasında ötən gündən bəri daha da şiddətlənən gərginliklə bağlı narahatlığını dilə gətirib.
AzVision.az xəbər verir ki, o bu barədə Çinə səfəri çərçivəsində mətbuat konfransında bildirib.

"Yaxın Şərqdə atəşkəs razılaşması təkrar-təkrar pozulur. Bu o deməkdir ki, gərginliyi saxlamağa çalışan, İsraili reaksiya vermək məcburiyyətində qoyan müxtəlif regional subyektlər var. İsraili bu tələyə düşməməyə çağırıram. Beynəlxalq ictimaiyyət də tərəflərə uzlaşdırıcı mesajlar göndərməyə davam etməlidir", - xanım Meloni vurğulayıb

O həmçinin "İran və Səudiyyə Ərəbistanı ilə möhkəm əlaqələrə malik Pekinin də bu səylərə kömək göstərə biləcəyini" diqqətə çatdırıb.

Xatırladaq ki, ötən gün Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrailin nəzarətindəki Holan təpələrinə ağır raket hücumları həyata keçirib. İsrailin şimalında futbol oynayan 12 uşağın da zərbəyə tuş gələrək öldüyü bildirilir.
Tayani: "İsrail-Livan münaqişəsində diplomatik həll mümkündür"

Dünən İtaliyanın xarici işlər naziri Antonio Tayani də israilli və livanlı həmkarları ilə telefon danışığında tərəfləri "müharibədən qaçınmağa, zorakılıq zəncirini qırmağa" çağırıb. Eyni zamanda, bir sıra ölkənin nümayəndələri, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinken də İsrail və Livan arasında gərginliyin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İtaliya   İsrail   Livan   Çin   münaqişə  





Xəbər lenti