Dünyanın ilk kosmik elektrik şəbəkəsi yaradılır

Dünyanın ilk kosmik elektrik şəbəkəsi yaradılır
  30 İyul 2024    Oxunub:841
ABŞ-də fəaliyyət göstərən “Star Catcher” adlı şirkət dünyanın ilk kosmosa əsaslanan elektrik şəbəkəsini qurmağa hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb. Qeyd edilir ki, kosmik gəmiləri enerji ilə təmin etmək məqsədi ilə yaradılan şəbəkənin ilk peykinin gələn il orbitə göndərilməsi planlaşdırılır.
Alimlər günəş enerjisindən maksimum faydalanmağın yeni üsulları üzərində işləyirlər. Kosmosda yerdəki kimi bəzi hava maneələri olmadığı üçün burada Günəşdən daha çox enerji toplana bilir. Toplanan bu enerjinin yerə göndərilməsi məqsədi ilə də müəyyən ideyalar ortaya qoyulub.

Floridada yerləşən “Star Catcher” startapı kosmosda topladığı enerjini digər kosmik gəmilərə göndərməyi hədəfləyir. Hazırda, şirkətin aşağı Yer orbitində olan peyki Günəşdən yararlanaraq təxminən 1000-1500 vatt enerji istehsal edir. Bu, bir soyuducunun sərf etdiyi enerjidən bir qədər çox olsa da, “Star Catcher” gələcəyə ümidlərlə baxır. Şirkət iddia edir ki, onun kosmik aparatı birbaşa Günəşdən əldə etdiyi enerjidən 5-10 dəfə çox enerji istehsal edəcək. O, həmçinin əlavə edib ki, onların təqdim edəcəkləri toplanmış günəş enerjisi kosmik gəmilərdəki günəş panelləri ilə uyğun gəlir və onların əlavə emaldan keçməsinə ehtiyac qalmayacaq.

“Star Catcher” müştəriləri ilə ehtiyac duyduqları enerjinin miqdarı, intensivliyi və tezliyi əsasında illik müqavilə imzalamağı planlaşdırır.
Şirkət 2025-ci ilin dekabrında sınaq məqsədi ilə ilk peykini buraxmağı hədəfləyir və onların kosmik aparatların sayının 200-ə çatdırılmasıdır. Məlumat üçün bildirək ki, keçən il kosmosdan toplanan enerji ilk dəfə Yerə göndərilib.
Belə bir şəbəkənin yaradılması xüsusilə Ayın qaranlıq tərəfi ilə bağlı tədqiqatlara töhfə verə bilər.
Süsən Kərimzadə
AzVision.az




Teqlər: Kosmos  





Xəbər lenti