CNN: “Ukrayna çətin vəziyyətlə üzləşib”

   CNN: “Ukrayna çətin vəziyyətlə üzləşib”
  31 İyul 2024    Oxunub:1017
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin strateji əhəmiyyətli Pokrovsk şəhərinə doğru irəliləyir. Bu, Ukraynanın həyati əhəmiyyətli təchizat xətti üçün təhlükə yaradır.
CNN agentliyi Rusiyanın aylardır ki, Ukrayna müdafiəsini bütün şərq cəbhəsi boyunca dartaraq uzatdığını, yeni ukraynalı əsgərlər və Qərb silahlarının yeni tədarükləri döyüş meydanına gəlməzdən əvvəl mümkün qədər çox ərazi ələ keçirməyə çalışdığını vurğulayır. Bu baxımdan, Rusiya qoşunlarının Pokrovsk şəhərinə doğru irəliləməsi Kiyevin və onun müttəfiqlərinin narahatlığına səbəb olur.

Vəziyyətin mürəkkəb olduğunu etiraf edən Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində Ukrayna qoşunlarının bu sektorda “son dərəcə çətin” reallıqlarla üzləşdiyini söyləyib.

ABŞ-nin Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri Rusiya qüvvələrinin bu yaxınlarda Avdeyevka şəhərinin şimal-qərbindəki ərazidə “əhəmiyyətli taktiki nailiyyətlər” əldə etdiyini bildirirlər. ISW-nin məlumatına görə, rus qoşunları dünən Pokrovskdan təxminən 20 kilometr aralıda olub.

CNN-də gedən matreialda bildirilir ki, Pokrovsk böyük şəhər olmasa da - müharibədən əvvəl burada 60 minə yaxın insan yaşayırdı və onların çoxu müharibə başlayanda oranı tərk edib, – bu şəhər Konstantinovkaya asan çıxışı sayəsində Ukrayna ordusu üçün əsas mərkəz rolunu oynayır. Bu iki şəhəri birləşdirən yoldan ukraynalılar cəbhə xəttindəki qoşunların təchizatı və yaralıların Dnepr istiqamətində təxliyyəsi üçün istifadə edirlər.

Konstantinovka Drujkovka, Kramatorsk və Slavyansk ilə birlikdə - bölgədə Ukraynanın müdafiəsinin əsasını təşkil edən qurşağın ən cənub hissəsidir. Ona görə də rus qoşunlarının bu yaşayış məntəqəsinə doğru irəliləməsi narahatlıq doğurur.

“Rusiyanın Müdafiə nazirliyi bildirib ki, onun qoşunları həftə sonu Ukraynanın Lozovatskoye, bazar ertəsi isə Volçye kəndlərini ələ keçirib. Hər iki kənd Konstantinovka ilə Pokrovsk arasındakı yoldan təxminən 15 kilometr aralıda yerləşir. Kiyev isə Ukrayna qoşunlarının rus qoşunlarını geri atmaq üçün bütün səyləri göstərdiyini açıqalyıb. Rusiların təzyiqinin tezliklə zəifləyəcəyi ehtimalı azdır”, - agentliyin dərc etdiyi məqalədə vurğulanır.

Bu arada, Amerika silahlarının yeni tədarükünü almağa başlayan Ukrayna hazırda təlimlərdə olan və payızda ön cəbhəyə gələcək minlərlə yeni əsgəri müdafiə işlərinə cəlb edib. Bu iki amilin birləşməsi Ukraynaya zəriuri olan təkanı verməlidir. Ona görə də, Rusiyanın strategiyası bu prosesi mümkün qədər ləngitmək cəhdi kimi qiymətləndirilə bilər.

- İrəli getməklə və 600 mildən (1000 kilometr) çox olan cəbhə xəttində tədricən belə irəliləyişlərlə Rusiya Ukraynanı əks hücuma hazırlaşmaq əvəzinə müdafiə əməliyyatlarına əl atmağa məcbur edir”, - CNN agentliyi yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   müharibə  





Xəbər lenti