Vaşinqton Paşinyanın “cəsarətli addımlarına” heyrandır

   Vaşinqton Paşinyanın    “cəsarətli  addımlarına”    heyrandır
  31 İyul 2024    Oxunub:1484
ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən əl çəkməsi üçün şərait yaratmaq üzərində işləyir.
AzVision.az xəbər verir ki, ABŞ Konqresi Senatının Beynəlxalq Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Rusiya ilə münasibətləri qırmaq yönündə Ermənistanın baş naziri Nikol Paşinyanın atdığı “cəsarətli addımları” alqışlayıb.

“Ermənistan əhalisinin əhəmiyyətli hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. Beləliklə, biz bunun baş verməsi üçün şərait yaradırıq”, - ABŞ Dövlət katibinin köməkçisi deyib.

Onun sözlərinə görə, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Nikol Paşinyanla görüşündə Ermənistanın Rusiyadan asılılığını azaltmağa kömək etmək üçün yeni platforma yaradılıb.

- O, iqtisadi və enerji baxımından demək olar ki, tamamilə Rusiyadan asılıdır və biz diversifikasiyaya nail olmalıyıq”, - amerikalı məmur Vaşinqtonun məqsədini açıqlayıb.

Ceyms O’Brayn Birləşmiş Ştatların habelə Ermənistanla Azərbaycanın sülh istəyinin mümkün qədər tez razılaşmalar şəklini almasını təmin etmək üçün səy göstərdiyini də bildirib. Lakin onun fikrincə, Rusiya prosesin öz şərtlərinə uyğun şəkildə getməsinə çalışır ki, bu da hər iki tərəfi “qıcıqlandırır”.

Öz çıxışında daha irəli gedən Amerikalı məmur Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasında Vaşinqtonun niyə bu qədər maraqlı olduğunu da diqqətə çatdırıb.

“Mərkəzi Asiyanın inanılmaz dərəcədə zəngin ölkələri indi dünya bazarlarına yalnız Rusiya və ya Çin vasitəsi ilə çıxmaq imkanı əldə edirlər. Azərbaycan və Ermənistan üzərindən marşrut aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcək, Rusiya və Çindən asılılığı azaldacaqlar”, - Ceyms O’Brayn bildirib.

Beləliklə də, ABŞ Dövlət katibinin köməkçisi Cənubi Qafqazla bağlı Vaşinqtonun apardığı siyasətin əslində sırf geosiyasi maraqlardan qaynaqlandığını açıq şəkildə etiraf edir. Ən maraqlısı isə odur ki, O’Brayn sülh sazişinin bağlanması yönündə Rusiyanın mövqeyinin hər iki tərəfi “qıcıqlandırdığını” bəyam etməklə bu məsələdə baş arbitr rolunu oynamağa çalışır.

Çünki Rusiyanı Azərbaycanla münaqişəyə sürükləyə bilməyən Ermənistanın indiyədək ağası olan Moskvadan narazılığı heç kim üçün sirr deyil, amma Azərbaycanın adından danışmaq səlahiyyətini rəsmi Bakı O’Brayna həvalə etməyib. Vaşinqtonda bu danılmaz həqiqətin nəzərə alınması sözsüz ki, ümumi işin, yəni Cənubi Qafqazda davamlı sülhün yaradaılmasına ciddi təkan verərdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: O’Brayn   Ermənistan   Rusiya  





Xəbər lenti