Şarl Mişel İlham Əliyevə və Paşinyana müraciət edib

   Şarl Mişel İlham Əliyevə və Paşinyana müraciət edib
  01 Avqust 2024    Oxunub:591
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının dalana dirənməsindən və regionda artan yeni gərginlikdən narahatdır.
Aİ rəsmilərinin məlumatına görə, “Politico” nəşrinə verdiyi müsahibədə Şarl Mişel tərəflər arasında vasitəçilik səylərini bərpa etdiyini və onları mümkün qədər tez sülh sazişi imzalamağa çağırdığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirib. Böyük Britaniyanın baş naziri birgə iclas keçirməyi təklif etsə də, Paşinyan gözlənilmədən bundan boyun qaçırıb.

İki yüksək vəzifəli avropalı diplomat Mişelin Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlərdə sülh perspektivlərini müzakirə etdiyini, lakin Əliyevlə Paşinyan arasında danışıqlarda razılığa gəlməyin mümkün olmadığını təsdiqləyib.

Şarl Mişelə yaxın mənbənin dediyinə görə, Avropa Şurasının prezidenti sülh sazişinin əldə olunması üçün mümkün olan hər şeyi edib. Buna görə də tərəflər nəhayət, qarşılıqlı ittihamları dayandırmalı və sülh sazişi imzalamalıdırlar.

Mişel həmçinin hər iki tərəfə müraciət edərək onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi tam həllini tapmamaış məsələlərdə irəliləyiş əldə etməklə sülh sazişini “yekunlaşdırmağa” çağırıb. Lakin aylarla davam edən gecikmələr və diplomatik çıxılmaz vəziyyətin çoxdan gözlənilən sülhün reallaşmasına mane olmasından sonra Brüsseldə məyusluq artır.

Aİ-nin Cənubi Qafqazda sülhə növbəti “töhfəsi”
Amma nədənsə Şarl Mişel Cənubi Qafqazdakı gərginliyi məhz Fransanın və digər dövlətlərin Ermənisyanı silahlandrıması, xüsusilə də İrəvana hərbi xərclər üçün Avropa Sülh Fondundan (!) 10 milyon avro ayrılması və bu kimi digər amillərin şərtləndirdiyini etiraf etmir.
Yeri gəlmişkən, məhz bu faktlardan sonra Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi silahlı təxribatların artması ilə bağlı bəyanat verən Azərbaycanın Müdafiə nazirliyi, bütün mövcud arsenaldan istifadə etməklə lazımi cavab tədbirlərinin görülməsinin mümkünlüyü barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra isə siyasi dairələr və ekspertlər regionda yeni müharibə riskinin artmasını müzakirə edirlər.

Qeyd edək ki, Vaşinqton da, öz növbəsində, Azərbaycanla Ermənistan arasında tezliklə sülhə nail olmağa çalışdığını və bunu regionda özünün əsas prioriteti hesab etdiyini vurğulayır. Belə ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dünən Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülhün təmin edilməsini fəal şəkildə dəstəklədiyiyini və “bunun vaxtının artıq çatdığını” bildirib.

Bununla belə, Cənubi Qafqazdakı proseslərə vahid prizmadan yanaşan ABŞ və Aİ Ermənistanı maliyyələşdirməklə İrəvanı destruktiv mövqe tutmağa şirnikləndirmək, habelə açıq-aşkar ona hüsn-rəğbət sərgiləmək siyasətini davam etdirirlər. Ceyms O’Braynın yuxarıda qeyd olunan dinləmələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın “cəsarətli addımları”ndan ağızdolusu danışması bunun ən bariz nümunəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mişel   müraciət  





Xəbər lenti