Amos Yadlin: “İsrail hamıdan qisasını alacaq”

   Amos Yadlin: “İsrail hamıdan    qisasını    alacaq”
  01 Avqust 2024    Oxunub:604
İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Amos Yadlin “HƏMAS”-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı sui-qəsdin Təl-Əvivin qisas siyasəti zəncirinin bir hələqsi olduğunu iddia edir.
Amos Yadlin bildirib ki, SAXAL bir gecədə iki uğurlu əməliyyat keçirib. Əvvəlcə, “Hizbullah”ın ən yüksək vəzifəli liderlərindən biri, oktyabrın 8-dən başlayaraq İsrailə qarşı hücumlara görə məsul olan Hac Mohsen öldürülüb. Onun qətli çox dəqiq məlumatlar və müasir silahlar sayəsində baş tutub. İkinci hədəf isə, Tehrandakı İsmayıl Haniyə olub.

Onun sözlərinə görə, İsrail 1972-ci ildə Münhendəki terror aktından sonra işə saldığı eyni üsullardan yararlanır: 7 oktyabr hücumunda iştirakı olan hər kəsi məhv edir. “HƏMAS”-ın yüksək rəhbərliyindən bu gün yalnız ikisi sağdır: Yəhya Sinvar və Xalid Məşəl.

Onun fikrincə, bu qətllərlə və ötən həftə Yəmənə hücumla İsrail özünün çəkindirici gücünü bərpa edir.

“Oktyabrın 7-dən sonra İsrailin düşmənlərinin qarşısını almaq qabiliyyəti zəiflədi. İndi İsrail cavab vermək qabiliyyətini nümayiş etdirir. Lakin İsrail çox uzunmüddətli mübarizə aparır: reaksiya olacaq və biz cavab verməyə hazır olmalıyıq. Bütün tərəflər vəziyyəti genişmiqyaslı müharibəyə çatdırmadan qətiyyətlə cavab verməyə çalışır. Mən heç kimin - İranın, İsrailin və ya “Hizbullah”ın genişmiqyaslı müharibəyə başlamaq istəyini görmürəm. Ancaq səhv hesablamalar həmişə mümkündür, müharibəyə səbəb olacaq qırmızı xətt keçilə bilər”, - İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri vurğulayıb.

Amos Yadlin bildirib ki, İsrailə qarşı cavab addımlarını nəzərdən keçirmək üçün İrana və “Hizbullah”a vaxt lazımdır. Onların özlərinin, habelə müxtəlif qruplaşmalardan olan müttəfiqlərinin xaricdəki israillilərə, səfirliklərə, turistlərə hücum edə bilməsi də mümkündür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Yadlin   İsrail   qisas  





Xəbər lenti