Qarabağda ekoturizmin uğurla həyata keçirilməsi üçün savadlı və məşğul əhali lazımdır

Qarabağda ekoturizmin uğurla həyata keçirilməsi üçün savadlı və məşğul əhali lazımdır
  01 Avqust 2024    Oxunub:613
Ekofəal Aida Ramiz: “Qarabağa qayıdan əhali regionun unikal ekosistemi, biomüxtəliflik və mühafizənin əhəmiyyəti haqqında hərtərəfli ekoloji maarifləndirilməlidir, məşğulluq imkanları yaratmaq üçün qonaqpərvərlik, bələdçilik və digər turizmlə bağlı bacarıqlar üzrə təlimlər təşkil etmək lazımdır”
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz “Profity Co.” şirkətinin ictimaiyyətlə əlaqələr departementinin müdiri, ekofəal Aida Ramizdir.

-Azad edilmiş ərazilərimizdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması ölkəmizdə "yaşıl artım" prinsiplərinə əməl olunması baxımından da əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

-Dünyada ekoloji problemlərlə bağlı narahatlıqların artması, ətraf mühitin surətlə çirklənməsi, azalan təbii ehtiyatlar və resurslara artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır.

Qarabağda “yaşıl”inkişafın və “yaşıl” iqtisadiyyatın reallaşdırılması sadəcə arzuolunan deyil, həm də bir neçə kritik səbəbə görə vacibdir.

Onilliklər boyu davam edən işğal bölgəyə ciddi ekoloji ziyanlar vurub. “Yaşıl” artım meşələrin bərpası, torpağın meliorasiyası və su obyektlərinin təmizlənməsi kimi bərpa işlərinə üstünlük verə bilər. Qarabağ, eyni zamanda, unikal flora və fauna da daxil olmaqla zəngin biomüxtəlifliyə malikdir. Bu artım da ekosistemləri qoruya və gələcək itkilərin qarşısını ala bilər. Bərpa olunan enerji, davamlı kənd təsərrüfatı və ekoturizm kimi “yaşıl” sənayelər yerli əhali üçün iş imkanları da yarada bilər. “Yaşıl artım” regionun iqtisadiyyatını şaxələndirməyə, ənənəvi sənayelərdən asılılığı azaltmağa və iqtisadi şoklara davamlılığı artırmağa kömək edə bilər. Ətraf mühitin mühafizəsini prioritetləşdirməklə “yaşıl” iqtisadiyyat regionun inkişafının uzunmüddətli davamlılığını təmin edir.
“Yaşıl artım” Qarabağa ekstremal hava hadisələri və su qıtlığı kimi iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağa kömək edə bilər. Bundan başqa qeyd edə bilərəm ki, daşqınlara nəzarət və erroziyadan qorunma kimi “yaşıl” infrastruktura sərmayə qoymaq təbii fəlakətlərin riskini azalda bilər.Ən önəmlisi isə təmiz ətraf mühit və təmiz suya və havaya çıxış xalqın sağlamlığı və rifahı üçün vacibdir.

-“Yaşıl artım” prinsiplərinə əməl etməklə ekoturizm potensialından yararlanmaq və bununla həmin ərazilərin səmərəli reinteqrasiyasına töhfə vermək iqtisadi baxımdan da rentabellidir. Həmin bölgənin turistik potensialının yüksək olması da bildirilir. Bu baxımdan, həmin ərazilərdə ekoturizmi inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?

-Qarabağın yaşıl və dayanıqlı region kimi tanıdılması Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində lider kimi beynəlxalq imicini yüksəldə, reputasiyasını artıra bilər. “Yaşıl” layihələr regionun inkişafına töhfə verən xarici investisiya və texnologiyanı cəlb edə bilər. Eyni zamanda ən önəmli məsələ bu tanınma ölkəyə turist axınını cəlb edə bilər. Azərbaycan əzəldən hər kəsin həsəd apardığı bir ölkə olub. Bizim torpaqlarımız sözün həqiqi mənasında qızıldır. Burada turistlərin marağına səbəb olacaq hər cür nemət, mühit, təbiət, relyef bir sözlə, hər şey var. Hazırda olduğu kimi davamlı infrastrukturun inkişaf etdirilməsi ilə paralel olaraq turistlərin bölgədəki məkanlara əlçatanlığı təmin olunmalıdır. İqtisadi faydalar araşdırılmalı, iş imkanları açılmalıdır ki, azad olunan ərazilərə turistləri cəlb etmə şansı da çoxalsın. Azad olunmuş ərazilərimizin beynəlxalq arenalarda daha çox PR-ı getməli, tanıdılmalıdır.

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?

-Qarabağda ekoturizmin uğurla həyata keçirilməsi üçün savadlı və məşğul əhali lazımdır. Köçürülən əhali regionun unikal ekosistemi, biomüxtəliflik və mühafizənin əhəmiyyəti haqqında hərtərəfli ekoloji maarifləndirilməli, məşğulluq imkanları yaratmaq üçün qonaqpərvərlik, bələdçilik və digər turizmlə bağlı bacarıqlar üzrə təlimlər təşkil tmək lazımdır.
Əhalini ekoloji təmiz biznesə başlamaq üçün bilik və alətlərlə də təchiz etmək olar. Ekoturizm təcrübəsini zənginləşdirmək üçün yerli mədəniyyət və adət-ənənələrin qorunub saxlanmasını təşviq etmək gərəklidir. Burada, hətta, ekoturizm və davamlı inkişafa yönəlmiş təhsil müəssisələri yaratmaq olar. Ətraf mühitin mühafizəsi və icmaların inkişafı üçün könüllü proqramlar təşkil etmək lazımdır. Bundan başqa, ekoloji maarifləndirmə və məsuliyyətli turizmi təşviq etmək üçün xüsusi kampaniyalar keçirilməlidir. QHT-lər, akademik qurumlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib, maraqlı aksiyalar da təşkil etmək olar.

-Azad edilmiş ərazilərdə bioresursların, su hövzələrindəki canlıların qorunması ilə bağlı tədbirlər də əhəmiyyət daşıyır. Bu barədə qeyri-qanuni ov və brakonyerliyin qarşısının alınması ilə bağlı hansı tədbirlər görülə bilər? Nə kimi təklifləriniz var?

-Bu, çox həssas məsələdir və bioresursların qorunması işində də davamlı maariflənmə olmalıdır. Yerli əhalini ardıcıl şəkildə maarifləndirməli, konkret qaydalar, hətta yeni qadağalar da tətbiq edilməlidir ki, qeyri-qanuni ov halları kəskin şəkildə azalsın. Azad olunan ərazilər bizim üçün təkcə müqəddəs və həssas mövzu deyil, buranın təbiəti də bizə doğmadır. Ona görə də təbiəti, bioresursları olduğu qoruyub saxlamalıyıq. Təklifim budur ki, təkmilləşdirilmiş texnologiyalardan istifadə edək. Mühüm ərazilərin ardıcıl müşahidəsi üçün dronlar, termal kameralar və GPS izləmə kimi müasir texnologiyalardan istifadə etmək lazımdır.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
Tural Tağıyev
AzVision.az




Teqlər:





Xəbər lenti