Türkiyə-İsrail münasibətlərində ehtiraslar coşur

   Türkiyə-İsrail münasibətlərində    ehtiraslar     coşur
  02 Avqust 2024    Oxunub:1432
“HƏMAS”-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Türkiyədə elan edilən bir günlük milli matəmlə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfirliyi və ölkənin Qüdsdəki Baş Konsulluğunda bayraqlar endirilib.
AzVision.az “Anadolu” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Türkiyənin İsraildək diplomatik missiyalarının binalarındakı bayraqlar yarıya qədər aşağı salınıb.
Bununla bağlı İsrailin Xarici İşlər naziri İsrael Kats Türkiyənin İsraildəki səfirinin müavinini izahat xarakterli söhbətə dəvət edib.

“Əgər səfirlik nümayəndələri meqa-terrorçu Haniyə üçün yas tutmaq istəyirlərsə, qoy Türkiyəyə qayıtsınlar və “HƏMAS” terror təşkilatını və onun vəhşiliklərini dəstəkləyən Ərdoğanla orada yas tutsunlar”, - İsrael Kats özünün “X” sosial şəbəkəsindəki akkauntunda yazıb.

Onun sözlərinə görə, oktyabrın 7-də zorlama və qətl törədən “HƏMAS” terror təşkilatına rəhbərlik edən, televiziya ekranında qətliamın dəhşətli görüntülərini seyr edərək, şükür duaları ilə qatillərə uğurlar arzulayan İsmayıl Haniyə kalibrli qatilin yas mərasimində iştirakın ifadə olunması İsrail dövləti üçün qəbuledilməzdir.

İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir isə deyib ki, Türkiyə səfirliyinin əməkdaşları “bayrağı tamamilə götürüb evlərinə qayıda bilərlər”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   İsrail  





Xəbər lenti