ABŞ Yaxın Şərqə qoşunlar göndərir

   ABŞ    Yaxın Şərqə    qoşunlar göndərir
  03 Avqust 2024    Oxunub:1695
ABŞ-nin Müdafiə naziri Lloyd Ostin İsrailin müdafiəsini dəstəkləmək üçün Yaxın Şərqdə Amerikanın hərbi mövcudluğunu gücləndirmək missiyasına rəhbərliyi şəxsən özü həyata keçirəcək.
xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sarina Sinqx belə bəyanat yayıb.

“Nazir İsrailin müdafiəsini daha da gücləndirmək və ABŞ-nin bu inkişaf edən böhrana cavab verməyə hazırlığının təminatı üçün Yaxın Şərq regionunda Amerikanın hərbi mövqelərini gücləndirmək üçün nəzərdə tutulan qüvvələrin qarşıdakı yenidən qruplaşdırılmasına rəhbərlik edəcək”, - Pentaqonun təmsilçisi bildirib.

Sabrina Sinqx qeyd edib ki, regiondakı ABŞ qoşunlarının yenidən qruplaşdırılması oraya yeni hərbi qüvvələrin göndərilməsini də nəzərdə tuta bilər. Belə ki, İsrailin müdafiəsini dəstəkləmək üçün Vaşinqton Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupu, əlavə kreyserlər və esmineslər göndərir. Xüsusilə, “USS Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupunun Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonası altında olan “USS Teodor Ruzvelt” qrupunu əvəz etməsi planlaşdırılır.

- Pentaqonun rəhbəri Lloyd Ostin həmçinin CENTCOM və ABŞ-nin Avropa Komandanlığının (USEUCOM) məsuliyyət zonalarında regiona raketdən müdafiə sistemini təmin edə bilən əlavə kreyser və esmineslərin yerləşdirilməsinə göstəriş verib. Bundan əlavə, Pentaqon ABŞ qoşunlarının əlavə yerüstü raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi üçün hazırlığını artırmaq üçün tədbirlər görəcək. Müdafiə naziri, həmçinin, Yaxın Şərqə əlavə döyüş təyyarələri eskadrilyasının göndərilməsini əmr edib. Təyyarələr İsrailin müdafiəsini hava qüvvələri vasitəsilə dəstəkləmək üçün ABŞ-nin imkanlarını artırmaq məqsədi daşıyır”, - bəyanatda deyilir.

Pentaqon artıq Ararlıq dənizində Amerika bölmələrinin, o cümlədən “USS WASP” təyyarədaşıyan gəmisinin Dəniz Ekspedisiya bölməsinin yerləşdirildiyini açıqlayıb.

“Reuters” agentliyinin məlumatına görə, bundan əvvəl Lloyd Ostin telefon danışığında İsrailin müdafiə naziri Yoav Qalantı İran, “HƏMAS” və “Hizbullah”ın təhdidləri fonunda Yaxın Şərqdəki Amerika qüvvələrinin tərkibindəki dəyişikliklərlə bağlı məlumatlandırıb.

Göründüyü kimi, Vaşinqtonun Təl-Əvivə verdiyi vədi yerinə yetirməsi özünü çox gözlətməyib. ABŞ-nin operativliyinə rəsmi Tehranın prinsipial mövqedən geri çəkilmək istəmədiyinin də öz təsirini göstərdiyi istisna deyil. Məsələn, “The Wall Street Journal” nəşri anonim iranlı diplomata istinadən yazıb ki, müxtəlif ölkələrin Tehranı İsrailin son hücumları ilə bağlı gərginliyi artırmamağa inandırmaq cəhdləri nəticəsiz qalıb və belə də qalır.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: ABŞ   İsrail   İran  





Xəbər lenti