Bakı Ali Neft Məktəbi və Daşkənd İnstitutu müqavilə imzalayıb - FOTOLAR

Bakı Ali Neft Məktəbi və Daşkənd İnstitutu müqavilə imzalayıb -    FOTOLAR
  02 Avqust 2024    Oxunub:282
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub. Nümayəndə heyətinin tərkibinə, həmçinin SOCAR-ın Baş ofisinin İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Elnur Hüseynov, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və BANM-in Davamlı təhsil fakültəsinin dekanı Rövşən Budaqov daxil idilər.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru professor Botir Usmanov və akademik heyətlə görüşü olub.

Görüşdə BANM ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında magistratura səviyyəsində Kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin iki ali təhsil müəssisəsi arasında birgə təlimlərin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu əməkdaşlıq 18 iyul 2023-cü il tarixində SOCAR və Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında birgə kadr hazırlığı üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcək və Azərbaycanın ali təhsil sahəsində ilk belə təcrübə olacaq. İkili diplom proqramına Daşkənd Kimya Texnologiyası İnstitutunun tələbələri cəlb olunacaq və proqramın tədrisi Bakı Ali Neft Məktəbi tərəfindən akademik və texniki dəstək göstərilməklə həyata keçiriləcək.

Nümayəndə heyətinin “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin Rejim və kadr məsələləri üzrə sədr müavini Qəhrəman Hakimovla görüşündə 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun nəticələri, o cümlədən iki qurum arasında insan kapitalının inkişafı və kadr hazırlığı istiqamətində gələcək əməkdaşlıq sahələri müzakirə olunub.

Səfər çərçivəsində SOCAR-ın nümayəndə heyəti Buxara Mühəndislik-Texnologiya İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb. Söhbət zamanı gələcəkdə BANM ilə Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında Neft-qaz mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının reallaşdırılması imkanları müzakirə edilib.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyini, o cümlədən Heydər Əliyev Mərkəzini ziyarət edib.

AzVision.az

Qalereya




Teqlər: SOCAR  





Xəbər lenti