F-16-lar Ukrayna cəbhəsində vəziyyəti dəyişə biləcəkmi?

   F-16-lar Ukrayna cəbhəsində    vəziyyəti dəyişə    biləcəkmi?
  05 Avqust 2024    Oxunub:1124
Ukraynanın müttəfiqləri nəhayət ki, vəd etdikləri F-16 qırıcılarının bir hissəsini artıq Kiyevə təhvil veriblər.
AzVision.az xəbər verir ki, Kiyevə göndərilə biləcək 79 ədəd F-16 qırıcısından ilk 10 ədədi Danimarka və Niderlanddan Ukraynaya hələ iyulun son günündə gətirilib. Lakin bu xəbəri yalnız avqustun 4-də - Ukrayna ordusunun Hərbi Hava Qüvvələri (HHQ) günü rəsmən açıqlayan prezident Volodimir Zelenski F-16 qırıcılarını şəxsən nümayiş etdirib.

“Bizə kömək edən bütün tərəfdaşlara və təyyarələrin təhvil verilməsi ilə bağlı müraciətimizi qəbul etməyə razılaşan ilk dövlətlərə təşəkkür edirəm. Bunlar Danimarka, Hollandiya və ABŞ-dir”, - Ukrayna prezidenti deyib.

“Forbs” nəşri isə Danimarkadan Ukraynaya bütün təkmilləşdirmələr mərhələsini keçmiş F-16-ların verildiyini vurğulayıb. Üstəlik, bu təyyarələr müharibədə Ukrayna HHQ üçün çox faydalı ola biləcək əlavə avadanlıqla təchiz ediliblər. Nəşr yazır ki, dərc olunmuş fotoşəkillərə əsasən, Ukrayna F-16-ları idarəolunan AIM-9 infraqırmızı və radarla idarəolunan AIM-120 raketləri ilə təchiz edilib ki, bu da F-16-nın hava hücumundan müdafiə sistemindəki mümkün rolunu vurğulayır.

Nəşrin jurnalistləri, həmçinin təyyarənin təchiz edildiyi raketlərin pilonlarına (dirəklərinə) diqqət çəkib.

“Orta qanad dirəkləri daxili özünümüdafiə imkanlarını - təhlükəli hava məkanında fəaliyyət göstərən qırıcılar üçün kritik sistemləri ehtiva edir. Hazırda isə dünyada Ukrayna səmasından daha təhlükəli hava məkanı yoxdur”, - dərc olunan materialda deyilir.

Bu müdafiə sistemləri pilonların paylaşdırılması (PIDS) və pilonlarla elektron mübarizə sisteminə (ECİPS) intqerasiya olunmuş şəbəkəyə daxildir. Onların hər ikisi İsrailin “Elbit” və Danimarkadakı tərəfdaş “Terma” çirkətləri tərəfindən birgə istehsal olunur. Avropalı F-16 operatorları təkmilləşdirilmiş dirəkləri bir neçə il əvvəl quraşdırmağa başlayıblar.

PIDS radarları və infraqırmızı idarəolunan zenit raketlərini aldatmaq üçün metal reflektorlar və alovlu məşəllər buraxır. ECIPS isə aktiv müdafiə və raketləri aldadan passiv müdafiə vasitələrini, o cümlədən yerdəki radarların siqnallarını batıran AN/ALQ-162 tıxacını və passiv müdafiəni işə salmaq üçün AN/AAR-60 raket xəbərdarlığı sistemini özündə ehtiva edir.

PIDS və ECIPS həm də birlikdə F-16 təyyarəsini düşmən raketlərinin geniş spektrinə qarşı hərtərəfli müdafiə ilə təmin edir. Bu Ukrayna HHQ üçün özünümüdafiə imkanlarının kritik ehtiyacını ödəyir.

Bununla belə, ekspertlər çox şeyin Ukraynanın F-16 təyyarələrindən necə istifadə edəcəyindən asılı olacağını bildirirlər.

“İşğalçıların F-16-ların bəzilərini, bəlkə də çoxunu vurması qaçılmazdır. Lakin PIDS və ECIPS bu itkiləri gecikdirə və pilotların həyatını xilas edə bilər. Bu sistemlərin nə dərəcədə effektiv olacağı isə əsasən ukraynalıların F-16-ları necə yerləşdirməsindən asılıdır. Əgər qırıcılar ilk növbədə Ukrayna ərazisinin dərinliklərində hava hücumundan müdafiə (HHM) missiyalarını həyata keçirəcəklərsə, onlar yalnız ən uzaq mənzilli Rusiya raketləri ilə qarşılaşmalı olacaqlar. Lakin F-16-lar bir çox yerüstü hücum missiyası üçün birbaşa ön cəbhə xətti üzərində uçucaqlarsa, düşmənin daha ağır atəşi ilə qarşılaşacaqlar”, - nəşrin analitikləri vurğulayıblar.

Hətta belə xəbərdarlıq da Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskinin F-16-ların tədarükündən aldığı məmnunluğu və ruh yüksəkliyini zəiflədə bilməyib. Təyyarələrə görə Kiyevin Qərbdəki müttəfiqlərinə, habelə də onları almağa köməklik göstərən hər kəsə təşəkkürünü bildirən Sırski, müasir təyyarələrdən səmərəli istifadənin Ukrayna hərbçilərinin həyatının xilası demək olduğunu açıqlayıb.

“F-16-lar Ukraynadadır. Bu o deməkdir ki, daha çox işğalçı məhv ediləcək. Rusiya cinayətkarlarının Ukrayna şəhərlərinə hücum zamanı sitifadə etdiyi daha çox aketlər və təyyarələr vurulacaq”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı deyib.

Lakin qonşu dövlətlərin hələ də Rusiya raketlərini vurmaqdan çəkinməsi Kiyevin nikbinliyinə müəyyən mənada xələl gətirir ki, Ukrayna rəhbəriliyi də bu maneənin aradan qaldırılması üçün qərbli müttəfiqləri ilə ciddi müzakirələr aparmaq niyyətindədir.

- Biz həm də texniki imkanlar üzərində işləməliyik ki, qonşu ölkələrin digər təyyarələri Rusiyadan atılan bu və ya digər müəyyən raketlərə qarşı istifadə olunsun. Bəli, onlar Ukraynanı vururlar, amma qonşu tərəfdaşlarımız, sözsüz ki, ilk növbədə alyans ölkələri istiqamətində də zərbələr endirirlər”, - Volodimir Zelenski ukraynalı juranlistlərə açıqlamasında deyib.

Zelenski belə bir qərarın qəbul edilməsinin, şübhəsiz, tərəfdaşlar üçün çətin olacağını bildirsə də, NATO-nun Rusiya raketlərinin vurulmasına kömək göstərəcəyinin anonsunu verib. O, qərbli müttəfiqlərin həmişə mümkün eskalasiyadan qorxduqlarını, lakin Kiyevin bununla mübarizə apardığını və bunun üzərində işləyəməyi davam etdirəcəyini vurğulayıb.
Zelenski bu məsələyə baxılması üçün Ukrayna-NATO Şurasının iclasının çağırılmasını yaxşı variant hesab etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   F-16   müharibə  





Xəbər lenti