Vaşinqton Tehrana xəbərdarlıq edib

   Vaşinqton Tehrana xəbərdarlıq edib
  06 Avqust 2024    Oxunub:1324
İran İsrailə aprel ayındakı kimi zərbə endirsə, ABŞ-la qarşılıqlı əlaqə imkanını itirəcək.
“The Wall Street Journal” nəşri məlumatlı diplomatlardan birinə istinadən yazır ki, bunu Amerikanın dövlət katibi Antoni Blinken G7-yə üzv ölkələrin xarici işlər nazirləri ilə söhbəti zamanı deyib.

G7 nümayəndələri ilə avqustun 4-də baş tutan görüşdə Blinken İranın və onun dəstəklədiyi Livan “Hizbullah”ının yaxın 24-48 saat ərzində (12 və ya 13 avqust) İsrailə hücum edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, avqustun 5-də İran ölkənin mərkəzinə, qərbinə və şimal-qərbinə daxil olacaq mülki təyyarələrə (NOTAM) təhlükə barədə xəbərdarlıq yayıb. İsrailin Xarici İşlər naziri İsrael Katz daha sonra Tehrandan öz ölkəsinə hücum etmək niyyəti ilə bağlı xəbərdarlıq aldığını iddia edib.

ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Vaşinqton vasitəçilərin köməyi ilə İranı Yaxın Şərqdə gərginliyin artmasından imtina etməyə inandırmağa çalışır.

Onun sözlərinə görə, üçüncü ölkələrin nümayəndələrini “eskalasiyanın onun maraqlarına uyğun olmadığını” və ABŞ-nin İsrailə mümkün hücumu “dəf etməyə kömək göstərəcəyini” İrana çatdırmağa çağıran Vaşinqton “qarşılıqlı diplomatik fəaliyyətlə” məşğuldur.

“Bölgədəki müttəfiqlər və tərəfdaşlarla söhbətlərimizin təfərrüatlarına varmadan, eskalasiyanı istəmədiyimizi deməklə kifayətlənəcəyəm. Ümumi mövqe ondan ibarətdir ki, İran bundan sonra tədbir görməməlidir”, - Metyu Miller bildirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   İran   xəbərdarlıq  





Xəbər lenti