Kamala Harris də öz seçimini etdi

   Kamala Harris də öz seçimini etdi
  06 Avqust 2024    Oxunub:996
Bir qədər əvvəl Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd olan Kamala Harrisin Minnesota qubernatoru Tim Uoltsu vitse-prezidentliyə namizəd kimi seçmək qərarına gəldiyi barədə xəbərlər yayılıb.
AzVision.az xəbər verir ki, 4 mənbəyə istinad edən “CNN” telekanalı belə məlumat yayıb. Habelə, öz mənbələrinə istinad göstərən “Associated Press” agentliyi də belə xəbər paylaşıb.
Lakin “Reuters” agentliyi hələ ki, Kamala Harrisin Minnessota və Pensilvaniya ştatlarının qubernatorları Tim Uoltsla Coş Şapiro arasında seçim etmək dilleması qarşısında qaldığını iddia edir.

Ötən həftənin sonunda “Politico” nəşri Kamala Harrisin vitse-prezidentliyə namizəd ola biləcək mümkün şəxslərlə bir sıra görüşlər və telefon danışıqları keçirdiyini yazmışdı. İndi Kamala Harrisin bir neçə saat ərzində vitse-prezidentliyə kimin namizəd olacağını rəsmi şəkildə təyin edəcəyi gözlənilir. “The New York Times” qəzeti xəbər verir ki, elan olunacaq namizəd bu gün Filadelfiyada keçiriləcək böyük mitinqdə Kamala Harrisə qoşulacaq, bunun ardınca isə əsas ştatları gəzəcək.

Dünən axşam tərəfdarlarına müraciətində ABŞ-nin hazırkı vitse-prezidenti gələcək silahdaşı ilə bağlı hələ qərar vermədiyini deyib.

“Mən bilirəm ki, bir çoxunuz seçki kampaniyasında kimi vitse-prezident seçəcəyimi və ümid edirəm ki, vitse-prezident kimi Ağ Evə daxil olacağını səbirsizliklə gözləyirsiniz. Hələ bir qərar verməsəm də, mənim üçün vacibdir ki, sizin kimi tərəfdarların yarışın gedişatı haqqında dərhal məlumatı olsun”, - Harris xəbərləri ilk olaraq bilmək üçün seçicilərə link vasitəsilə qeydiyyatdan keçmək imkanını təklif edib.

Əslində noyabrın 5-də keçiriləcək seçkilərdə respublikaçıların namizədi Donald Trampa meydan oxumaq üçün kampaniya aparan Harrisin siyasi karyerasının ən mühüm qərarlarından biri hansı şəxsi vitse-prezidentliyə namizədi seçməsi olacaq.

51 yaşlı Şapiro Demokratlar partiyasında yüksəlişdə olan ulduzdur. O, seçicilər kollegiyasının səslərini qazanmaq üçün vacib ştat olan Pensilvaniyada yüksək etimad reytinqinə malikdir. Lakin Coş Şapironun İsrailin qətiyyətli tərəfdarı olması bəzi mütərəqqi baxşılı seçiciləri ondan uzaqlaşdıra bilər.

60 yaşlı Uolts ABŞ Ordusunun Milli Qvardiyasının keçmiş üzvü və sabiq məktəb müəllimidir. Qubernator kimi o, məktəblərdə pulsuz yeməklərin verilməsi və işçilər üçün ödənişli məzuniyyətlərin genişləndirilməsi ideyasını müdafiə edib. Onun “hədəf auditoriyası” kəndli ağdərili seçicilərdir.

Bu iki siyasətçidən başqa, demokratlardan vitse-prezidentliyə namizədliyi irəli sürülə biləcək iddiaçılar arasında Arizona ştatından olan senator Mark Kelli, nəqliyyat naziri Pit Buttedjiç, Kentukki ştatının qubernatoru Endi Beşir və İllinoys ştatının qubernatoru C.B. Pritsker də var idi.

Qeyd edək ki, Co Bayden Ağ Evin rəhbəri postuna namizədlikdən imtina etdikdən az sonra Harris vitse-prezident vəzifəsinə namizədlər axtarmağa başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Harris   vitse-prezident   seçim  





Xəbər lenti