İsrailin etirafı Ağ Evi qəzəbləndirib

   İsrailin etirafı Ağ Evi    qəzəbləndirib
  07 Avqust 2024    Oxunub:802
İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin arxasında özünün dayandığı barədə Vaşinqtonu dərhal məlumatlandırıb.
“The Washington Post” qəzeti bildirir ki, ABŞ prezidentinin administrasiyasının məmurları Qəzza zolağında atəşkəsi təmin etmək üçün aylarla göstərdikləri səylərində uğursuzluq kimi qiymətləndirdikləri bu xəbərdən təəccübləniblər və ona qəzəbli reaksiya veriblər.

“Haniyənin öldürülməsi ilə bağlı İsrail şərh verməkdən imtina etsə də, buna görə məsuliyyət daşıdığını dərhal ABŞ rəsmilərinə çatdırıb”, - qəzet yazır.

Materialda, həmçinin İsrailin Vaşinqtona xəbər vermədən dəfələrlə “Hizbullah” və İran komandirlərinə zərbələr endirməsindən ABŞ rəsmilərinin hiddətləndiyi vurğulanır. Haniyənin Qətərdə yaşadığına və xaricə səyahət etdiyinə diqqət çəkən analitiklər, İsrailin baş naziri Binyamin Netanyahunun HƏMAS liderini niyə məhz Tehranda olarkən öldürməyə üstünlük verməsi sualını qoyurlar.

“Məqsədiniz sövdələşməni başa çatdırmaq idisə, niyə bunu Haniyə ilə indi və iranlıları cavab verməyə məcbur edəcək şəkildə həyata keçirdiniz?”,
- qəzet ABŞ-nin İsraildəki keçmiş səfiri Dennis Rossdan sitat gətirir.

“The Washington Post”un istinad etdiyi anonim İsrail rəsmisi Netanyahu ilə Bayden arasında keçən həftə baş tutan telefon danışığının həqiqətən də “gərgin” olduğunu təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   ABŞ  





Xəbər lenti