Türkiyə “S-400” kompleksini “Dəmir Qübbə”yə inteqrasiya edə bilər

   Türkiyə “S-400” kompleksini “Dəmir Qübbə”yə inteqrasiya edə bilər
  08 Avqust 2024    Oxunub:711
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini (ZRK) yaradılmaqda olan “Dəmir Qübbə” hava hücumundan müdafiə (HHM) sisteminə daxil edə bilər.
Türkiyənin hökumət yönümlü “Hürriyet” qəzeti “TRT Haber” telekanalının məlumatına istinadən yazır ki, avqustun 6-da prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasından sonra ölkədə süni intellekdən istifadə etməklə çoxsəviyyəli “Dəmir Qübbə” HHM sisteminin yaradıldığı məlum olub.

“S-400 ZRK-ları da bu sistemə daxil edilə bilər. Bu, bizim milli sistemimiz olduğu üçün biz S-400-ləri ona bağlaya bilərik”, - qəzet müdafiə və təhlükəsizlik məsələləri üzrə ekspert Turan Oğuzdan sitat gətirir.

Bundan əvvəl Türkiyə hakimiyyəti “Dəmir Qübbə”yə müxtəlif məqsədlər üçün yerli istehsal komplekslərinin daxil ediləcəyini bildirmişdi. Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşmış “Savunma Sanayi ST” portalının məlumatına görə, Türkiyənin HHM sistemini “Aselsan” şirkəti yaradır. “Korkut”, “Hisar-A”, “Siper” kimi HHM komplekslərinin daxil olacağı sistemin sınaqlarına artıq başlanılıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd komplekt “S-400” HHM divizionu alıb. 2019-cu ilin oktyabrında Rusiyanın “Rosoboroneksport” şirkəti sistemlərin tədarükü üzrə müqavilənin tamamlandığını bildirib. Türkiyə ilə Rusiya arasında “S-400 Ankara” alay komplektinin alqı-satqısı barədə müqavilə bağlandıqdan sonra Ankara ABŞ-nin yeni nəsil F-35 qırıcılarının yaradılması proqramından çıxarılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   HHM   S-400    





Xəbər lenti