İlon Mask reklam şirkətlərinə “müharibə” elan edib

   İlon Mask reklam şirkətlərinə    “müharibə”    elan edib
  08 Avqust 2024    Oxunub:815
Amerikalı milyarder İlon Maska məxsus “X” şirkəti onun sosial şəbəkəsini “qanunsuz boykot” etdikləri üçün reklamçılar birliyini və bir sıra ayrı-ayrı şirkətləri məhkəməyə verib. Reklamçıların ehtimal olunan boykotunun ABŞ-nin anti-inhisar qanunlarını pozduğu və bunun milyardlarla dollar bahasına başa gəldiyi bildirilir.
“X” şirkətinin icraçı direktoru Linda Yakkarino elan edib ki, iddia brendlər və reklam agentliklərinin koalisiyası olan Məsul Medianın Qlobal Alyansına (GARM), həmçinin GARM üzvlərinə qarşı qaldırılıb.

“Financial Times” qəzetinin yazdığına görə, iddia siyahısına reseptlə satılan dərman tədarükçüsü “CVS Health”, qida məhsulları nəhəngi “Mars”, Danimarkanın “Orsted” enerji və Böyük Britaniyanın ərzaq, məişət kimyası və fərdi gigiyena məhsulları istehsalçısı olan “Unilever” şirkətləri daxildir.

“İki il ərzində sülhü qorumağa çalışdıq, amma indi müharibə başlayıb”, - İlon Mask “X” sosial şəbəkəsində məhkəməyə müraciətin səbəbini şərh edib.

“X” şirkəti ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin iyun ayındakı hesabatından sonra məhkəməyə müraciət edib. İddiaya əsasən, GARM-ın üzvləri İlon Mask tərəfindən satın alındıqdan sonra “Twitter” platformasında “bütün ödənişli reklamlara son qoymaq” üçün dilbir olublar. Lakin GARM-ın həmtəsisçisi Rob Rakovits bu iddiaları rədd edib.

“Ehtimal olunan boykotun təsiri “X” istifadəçilərini “qlobal şəhər meydançasından” məhrum etmək cəhdi idi. Sadə dillə desək, insanlar ideyalar bazarının sarsıdılması və bəzi nöqteyi-nəzərlərin qeyri-qanuni boykot nəticəsində digərləri ilə eyni səviyyədə maliyyələşdirilməməsindən əziyyət çəkirlər”, - “X” şirkətinin icraçı direktoru Linda Yakkarino vurğulayıb.

Qeyd edək ki, “X” sosial şəbəkəsinin reklamçılarla problemləri 2022-ci ildə İlon Maskın onu satın almasından sonra başlayıb. Yeni moderasiya siyasəti və işçilərin ixtisarı səbəbindən bir sıra şirkətlər, o cümlədən “Apple” şirkəti “X”in reklamlarını dayandırıb. Keçən yay İlon Mask “Twitter”in adını dəyişərək “X” qoymaqla yanaşı, əvvəlki quş loqosundan da imtina etdi. Elə həmin vaxt o, reklamdan əldə etdiyi gəlirin təxminən 50% azaldığını bildirdi.

Payızda, İlon Maskın yəhudilərin “ağ insanlara qarşı nifrəti qızışdırdığını” yazan “X” istifadəçilərindən birinin postunu açıq şəkildə dəstəkləməsi nəticəsində böyük qalmaqal yaşandı. Bundan sonra “Disney”, “Warner Bros.”, “Apple”, “IBM” və “Comcast” kimi şirkətlər sosial şəbəkələrdə reklam boykotları elan etdilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Mask   rekalmçılar  





Xəbər lenti