Ukrayna daha böyük hücuma hazırlaşır

   Ukrayna daha böyük    hücuma    hazırlaşır
  09 Avqust 2024    Oxunub:2807
Rusiyanın 100 km² ərazisini nəzarət altına alan Ukrayna hərbçiləri yüzlərlə rus əsgərini əsir götürüb.
Ukrayna mənbələrinə istinad göstərən “The Washington Post” qəzetinin məlumatına görə, Rusiyanın Kursk vilayətinə hərbi müdaxilə əməliyyatında Ukrayna Silahlı Qüvvələrinin amerika və alman zirehli texnikası və tankları ilə təchiz olunmuş elit hücum briqadalarının minə yaxın hərbçisi iştirak edir.

Rusiyalı hərbi bloger Yuri Podolyaka isə yaxın günlərdə ukraynalıların yeni və daha güclü hücuma başlayacağını bildirib.

“Bu bizim sərhəd bölgəmizdəki döyüşlərin sonu deyil. Belə görünür ki, sabah və ya o biri gün daha bir aktiv yeni köhnə istiqamətdən danışacağıq. Daha böyük qüvvədən istifadə edəcək düşmən yəqin ki, artıq bu hücuma hazırdır”, - Podolyaka deyib.


Podolyakanın xəbərdarlığı fonunda bu gecə Ukraynadan edilən kütləvi PUA hücumu nəticəsində Rusiyanın Lipetsk vilayətində dörd yaşayış məntəqəsi boşaldılıb. Qubernator İqor Artamonov Lipetsk bələdiyyə dairəsində fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib. Şəhər infrastrukturuna dəyən zərərdən başqa buradakı hərbi aerodromda yanğın başlayıb.

Eyni zamanda, Ukrayna ilə sərhəddə yerləşən və indiyədək bundan daha çox əziyyət çəkən Rusiyanın Belqorod vilayəti üzərində 29 PUA-nın vurulduğu bildirlir. Yeri gəlmişkən, bəzi rusiyalı hərbi blogerlər Ukraynanın məhz bu istiqamətdə xeyli hərbi qüvvə topladığını və Belqorod vilayətinə güclü hücuma hazırlaşdığını iddia edirlər.

Rusiyanın Z-kanallarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin hücum dəstələri Kursk vilayətində Rusiyanın 488-ci alayının 17-ci və 102-ci briqadasının 31-ci taborlarını mühasirəyə alıblar.

Rusiyalı hərbi müxbir Yuri Kotenyok isə öz Telegram-kanalında ukraynalı hərbçilərin Kursk vilayəti ərazisində mühəndis-istehkam qurğuları yaratmağa başladıqlarını vurğulayıb.

Rusiyanın Müdafiə nazirliyinə yaxın Telegram-kanalları Kursk vilayətində artıq üç şəhərin itirildiyini bildirirlər. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) yaxın olan telegram-kanalların iddiasına görə isə, hazırda Kursk vilayətinin Suca şəhəri ətrafındakı Anastasyevka kəndində Rusiya ordusu ilə döyüşən Ukrayna Silahlı Qüvvələrinin hədəfi Lqovnanı tutmaq, oradan da Kursk Atom Elektrik Stansiaysının (AES) yerləşdiyi Kurçatov şəhərinə çatmaqdır.

Qaz qoxusu gələn hücum

Onu da qeyd edək ki, məhz Suca şəhərində yerləşən qazölçmə stansiyasından ildə 15 milyard kubmetr Rusiya qazı Avstiya, Slovakiya və Macarıstana nəql olunur ki, bu da hazırda “Qazprom” inhisarçı şirkətinin Avropaya tədarükünün yarısını təşkil edir. Özü də Suca istiqaməti Rusiya qazını Ukrayna ərazisindən keçməklə Avropaya çatdıran yeganə xətt kimi qalıb. Halbuki əvvəllər Ukraynanın şaxələndirilmiş qaz-nəqliyyat sistemi vasitəsi ilə Avropaya ildə hətta 120 milyard kubmetrə qədər Rusiya qazının tədarük edildiyi vaxtlar da olub.

Amma bu ilin sonunda Suca istiqamətində qaz tranziti ilə bağlı Rusiya-Ukrayna müqaviləsinin müddəti bitir və Kiyev bu sazişi uzatmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Ukrayna öz mövqeyini Moskvanın təcavüzkar siyasətinin maliyyə imkanlarından məhrum edilməsi yönündə atılan addım kimi əsaslandırıb. Təsadüfi deyil ki, bəzi analitiklər və KİV-lər Sucadakı qazölçmə məntəqəsini tutan Ukraynanın məhz Rusiya qazının nəqlini kəsmək məqsədi ilə Kursk vilayətinə hücuma keçdiklərini iddia edirlər. Lakin ukrayna hərbçilərinin bu məntəqəni nəzarət altına almasına baxmayaraq, Rusiya qazını Avropaya nəql edən xəttin kranı bağlanmayıb. Bununla belə, Sucada yaşanan hadisələr fonunda Avropa birjalarında təbii qazın məzənnəsi 5,6% artıb.


Bu müstəvidə digər diqqətçəkən məqam isə bir həftə əvvəl Slovakiyanın və Macarıstanın israrlı xahişlərinə rəğmən, Ukrayna ərazisindən keçən “Drujba” kəməri vasitəsi ilə Rusiyanın “Lukoyl” şirkətinin bu ölkələrə neft tədarükünü Kiyevin birtərəfli qaydada dayandırmasıdır. Avropa Komissiyası isə Bratislavanın və Budapeştin sözügedən məsələ ilə bağlı xüsusi məsləhətləşmələrin keçirilməsi barədə xahişləri qarşılığında buna ehtiyac olmadığını bildirdi. Eyni zamanda, energetika sahəsində onlara çox tezliklə ümumiyyətlə Rusiya asılılığından qurtulmaq məsləhət görüldü.

Tərəflərin müttəfiqləri də kənarda qalmayıblar

Ukraynanın Rusiyanın Kursk vilayətinə hansı məqsədlə gözlənilməz hücuma keçməsindən asılı olmayaraq, əsas məsələ Kiyevin bu addımının kollektiv Qərb, xüsusillə də Vaşinqton tərəfindən dəstəklənməsidir.Məsələn, Pentaqon bəyan edib ki, Amerika silahlarından istifadə olunmaqla Kurs vilayəinə zərbələrin endirilməsi ABŞ-nin siyasəti ilə uzlaşır.

“Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd bölgəsinə hücumunu ABŞ bu bölgədən edilən hücumlardan qorunmaq üçün atılan addım kimi qiymətləndirir”, - Pentaqonun mətbuat katibi Sabrina Sinqx deyib.

Avropa İttifaqı (Aİ) da, öz növbəsində, Vaşinqtonla unison mövqe sərgiləyib.

“Aİ Ukraynanın Rusiya təcavüzündən özünü müdafiə etmək üçün qanuni hüququnu və onun suverenliyini və ərazi bütövlüyünü bərpa etmək səylərini tam dəstəkləməyə davam edir”, - Avropa İttifaqının sözçüsü Peter Stano bildirib.

Rusiya ilə ittifaq dövləti yaratmış Belarusun prezidenti Aleksandr Lukaşenko isə MDB ölkələrini “birlikdə dayanmağa və qısamüddətli fayda axtarmamağa” çağırıb. Onun sözlərinə görə, Rusiya dağılacağı təqdirdə, bütün MDB dövlətləri bu uçuruma sürüklənəcəklər.

“Elə bir vəziyyət yarana bilər ki, bizim dövlətlərdən heç biri bu birlik olmadan qala bilməyəcək. Əgər biz bu gün bunu başa düşməsək, bizimlə ayrı-ayrılıqda haqq-hesab çəkəcəklər. Amma Rusiya dağılsa, hamımız bu çökəkliyə sürüklənəcəyik”, - Aleksandr Lukaşenko MDB dövlətlərinin Daxili İşlər nazirləri ilə görüşdə vurğulayıb.

Belarus prezidentinin bu bəyanatı Rusiyanın müttəfiqlərinin həqiqətən də narahatlıq keçirməsinə ciddi əsasların olduğundan xəbər verir. Belə ki, Ukrayna ordusunun təqribən min nəfərdən ibarət canlı qüvvəsinin qəfil hücumu ilə yaxalanmış Rusiyanın kəşfiyyat orqanlarının “yuxulama”sı həqiqətən də ciddi suallar doğurur. Bundan başqa 3 gündür ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Kursk vilayətinin ərazisindən çıxara bilmir.

Hərçənd, Rusiya Müdafiə nazirliyinin məlumatına görə, Kursk vilayətində və onun Ukrayna ilə sərhədində gedən döyüşlərdə dünənə qədər ukraynalılar 945 hərbçi və 12 tank da daxil olmaqla 102 ədəd zirehli texnika itiriblər. Belə itkilər qarşılığında ukraynalıların hələ də Kursk vilayətində hərbi əməliyyatları davam etdirməsi həqiqətən də təəccüblü görünür.

Çünki Rusiyanın hərbi komandalığının nikbin bəyanatlarına rəğmən, vəziyyətin Moskva üçün heç də qənaətbəxş olmadığını təsdiqləyən mənzərə yaranır. Bu baxımdan, Rusiyanın bəzi hərbyönümlü telegram-kanallarının haızrda Malidə olan “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin Kursk vilayətinə gətiriləcəyi barədə yaydıqları məlumatlar çox inandırıcı görünür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   müharibə  





Xəbər lenti