Gömrükdə şirkət nümayəndələri ilə görüş olub

Gömrükdə şirkət nümayəndələri ilə görüş olub
  09 Avqust 2024    Oxunub:1113
Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində daşıyıcı şirkətlərin rəhbərləri və onların səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.
AzVision.az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, DGK-nın və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan görüşdə Komitənin, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" və "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliklərinin, 40-dan çox daşıyıcı şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Görüş gömrük-biznes dialoqu çərçivəsində gömrük qanunvericiliyi barəsində daşıyıcı şirkətlərin məlumatlandırılması və daşıyıcı institutunun daha da təkmilləşdirilməsi istiqamətində planlaşdırılan layihələr üzrə birgə müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələrinə dair məlumatların öncədən təqdim olunması ilə təhlükəsizliyin və ticarətin asanlaşdırılmasının təmin edilməsinin gömrük orqanlarının qarşısında prioritet hədəflər kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Gömrük Məcəlləsinin 131-ci maddəsinin tələblərinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanının müəyyən etdiyi qaydada və formada ilkin məlumatları əvvəlcədən gömrük orqanlarına təqdim etməlidir.

Daha sonra “Daşıyıcı institutunun inkişaf etdirilməsi” mövzusunda təqdimat nümayiş etdirilib, sözügedən mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda daşıyıcı şirkətlərin nümayəndələrinin təklifləri dinlənilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti