ISW: “Rusiya Xarkovdan imtina etməyə hazırdır”
Ukrayna müdaxiləyə başlayanda Kursk vilayətində rusiyalı çağırışçılar, Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri və Rusiya Müdafiə nazirliyinin komandanlığı altında olan “Axmat” çeçen xüsusi təyinatlı bölməsinin döyüşçüləri fəaliyyət göstərirdi.
Eyni zamanda, Ukraynanın daha da irəliləməsindən qorunmaq və ərazilərin geri qaytarılması üçün Rusiya hərbi komandanlığının tezliklə əməliyyat ehtiyatlarından əlavə qüvvələri, çağırışçılardan ibarət birlikləri, Baş Kəşfiyyat İdarəsinin (BKİ) xüsusi təyinatlılarını, Xüsusi əməliyyat qüvvələrini (XƏQ), “Axmat”ın əlavə qüvvələrini, “Donetsk xalq respublikası”nın (“DXR”) ordusunun 1-ci korpusunu və “Vaqner” qrupunun keçmiş əməkdaşlarını Kursk bölgəsinə göndərdiyi vurğulanır.
“Ola bilsin ki, Rusiya hərbi komandanlığı hazırda Ukraynanın şərqindən və ya cənubundan Kursk bölgəsinə daha təcrübəli və daha yaxşı təchiz edilmiş qabaqcıl bölmələr atır, lakin bu cür bölmələrin Kursk vilayətinə gəlməsi çox güman ki, əlavə vaxt aparacaq”, - institutun hesabatında deyilir.
Lakin rus hərbi müxbirlərindən biri Rılsk rayonundakı əməliyyatlarda Şimal Qüvvələri qrupunun 44-cü Ordu Korpusunun hissələrinin iştirak etdiyini bildirib ki, bu da Rusiya hərbi komandanlığının Xarkov vilayətinin şimalında hücum əməliyyatı üçün topladığı Şimal Qüvvələr qrupunun hissələrini Kursk isitqamətinə köçürdüyünü düşünməyə əsas verir.
“Əgər hərbi müxbirin bu bəyanatı doğrudursa, deməli, Rusiya hərbi komandanlığı Ukraynanın əməliyyatının daha əhəmiyyətli olduğunu hesab edir. Şimal Qüvvələr qrupunun elementlərinin Kursk bölgəsinə əhəmiyyətli dərəcədə yerdəyişməsi onu deməyə əsas verir ki, Rusiya hərbi komandanlığı Xarkov vilayətinin şimalında hücum əməliyyatının dayandırılmasını Ukraynanın müdaxiləsinə adekvat cavab vermək üçün zəruri olan qurban kimi qiymətləndirir. Lakin Rusiya hərbi rəhbərliyi cəbhə xəttinin daha yüksək prioritet sektorlarından qüvvələrin çıxarılmasını məqbul saymayıb”, - ISW-nin ekspertləri ehtimal edirlər.
Bununla belə, analitiklər vurğulayırlar ki, rus qoşunlarının cəbhəyanı ərazilərdən daha geniş yerdəyişməsi daha ləng şəkildə baş verəcək və daha çox döyüşə hazır olan ön cəbhədəki birləşmələr yalnız bir neçə gündən sonra Kursk bölgəsinə gəlməyə başlaya bilər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna Kursk Xarkov