Belarus tankları Ukrayna ilə sərhədə doğru irəliləyir

   Belarus tankları Ukrayna ilə sərhədə doğru irəliləyir
  11 Avqust 2024    Oxunub:823
Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları sərhəd qoşunlarının qruplarını gücləndirmək məqsədi ilə Ukrayna ilə sərhədə yeridilir. Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır. Hərbi qulluqçular hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayırlar”.

Avqustun 10-da Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadan Rusiya istiqamətində uçan bəzi dronların ölkə ərazisi üzərindən bir gün əvvəl məhv edildiyini açıqlamışdı. Belarus lideri Ukrayna ilə sərhəddə Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplaşmalarını gücləndirməyi əmr edib.

Respublikanın müdafiə naziri Viktor Xrenin məlumat verib ki, xüsusi əməliyyat qüvvələrinin bölmələri, quru qoşunları, o cümlədən “Polonez” və “İsgəndər” raket komplekslərinin atıcıları müəyyən edilmiş ərazilərə doğru hərəkət edirlər. Həmçinin zenit-raket qoşunlarının, radiotexniki qoşunların və aviasiyanın qüvvə və vasitələri formalaşdırılıb. Xrenin qeyd edib ki, qoşun qruplaşmalarının gücləndirilməsi barədə qərar Ukraynada, eləcə də Kursk vilayətində yaranan vəziyyəti nəzərə alaraq qəbul edilib.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti