Dövlət qulluğuna qəbulun nəticələri elan olunub

Dövlət qulluğuna qəbulun nəticələri elan olunub
  12 Avqust 2024    Oxunub:691
Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanların nəticələri elan olunub.
AzVision.az DİM-ə istinadən xəbər verir ki, Mərkəz 2024-cü il avqustun 11-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul və inzibati icraçı vəzifələrə aid BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Kağız daşıyıcılar vasitəsilə keçirilən hər iki imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2215 namizəddən 45 nəfər imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 9 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 56 nəfər, BB1 altqrupu üzrə 116 nəfər, BB2 altqrupu üzrə 163 nəfər, BB3 altqrupu üzrə 252 nəfər, BB4 altqrupu üzrə 260 nəfər olmaqla, ümumilikdə 912 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 13-dən 26-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə imtahan

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 153 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 21, BB2 altqrupu üzrə 33, BB3 altqrupu üzrə 31, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 125 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Hər iki imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 avqust saat 10:00-dan 15 avqust 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti