Hansı ixtisasları seçməlisiniz? - TƏLƏBƏLƏRƏ MƏSLƏHƏT
Ali təhsil müəssisələrinə ixtisas seçimindən danışan təhsil ekspertinin sözlərinə görə, ən gərgin rəqabət I (birinci), III (üçüncü) və IV (dördüncü) ixtisas qruplarında qeydə alınıb:
“Ən optimal qəbul şansı demək olar ki, II (ikinci) ixtisas qrupundadır. Qalan digər qruplarda ballarda artım gözlənilir. I ixtisas qrupunda 500-dən yüksək bal toplayan abituriyentlərin sayı çoxluq təşkil edir. O cümlədən III ixtisas qrupunda 400-450 -dən yuxarı bal toplayanların sayı kifayət qədərdir. IV ixisas qrupunda 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı ötən illərlə müqayisədə çoxluq təşkil edir. IV ixtisas qrupunda da bu son illərin ən yüksək göstəricisi qeydə alınıb. Minimal gözləntimiz bəzi ixtisaslar üzrə 3-7, bəziləri üzrə isə 10-12 baldır.
Abituriyentlər, eləcə də onların valideynləri düzgün ixtisaslar seçməlidir. Əmək bazarında daha çox tələbat olan ixtisaslara üstünlük verilməlidir. Bu il prezidentin müvafiq tapşırığı əsasında dövlət sifarişi üzrə yerlər artırılıb. Bun baxımdan deyə bilərik ki, bu il 30 minə yaxın tələbə pulsuz təhsil ala bilər. Valideynlər övladlarının dövlət sifarişi üzrə təhsil almasında maraqlı olmalıdırlar. Övladlarının ödənişli əsaslarla təhsil alma ehtimalı çoxdursa, illik təhsil haqqını ödəyə biləcəklərindən əmin olmalıdırlar. Çünki bəzi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün təhsilini yarımçıq qoymağa məcbur olurlar. Ona görə də valideynlər bu məsələyə həssas yanaşmalıdırlar”.
Ekspert qeyd edib ki, əsasən birinci qrupda İT yönümlü ixtisaslara tələbat çoxdur:
“İkinci ixtisas qrupunda iqtisadi, maliyyə, menecment, beynəlxalq münasibətlər kimi ixtisaslara tələbat çoxdur. Üçüncü qrupda pedaqoji yönümlü ixtisaslar, o cümlədən hüquqşünaslıq, dövlət və ictimai münasibətlər istiqamətini seçən abituriyentlərin sayının çoxluğunu müşahidə edirik. Tibb istiqamətli dördüncü ixtisas qrupunda da abituriyentlərin sayı çoxluq təşkil edir. Ondan sonra biotexnologiya və psixologiya ixtisasları gəlir.
Beşinci ixtisas qrupunda isə hər il olduğu kimi daha çox müraciət sayı oğlan abiturentlər tərəfindəndir və idman yönümlüdür. Eyni zamanda həm oğlan, həm də qız abituriyentlər tərəfindən dizayn istiqamətinə üstünlük verələr çoxdur. Beşinci ixtisas qrupunda elə bu ixtisaslarda ballarda artım olacaq. Qabiliyyət tələb etməyən beşinci ixtisas qrupunda dizayn ixtisası var. Burada da kifayət qədər ballar yüksək olacaq. Bu ixtisasa qabiliyyət imtahanı tələb edilmjədiyi üçün bütün abturiyentlər müraciət bilərlər. Yəni nəticəsi 200-300 olan da, 60 bal olan da seçim edə bilər. Lakin 60, 80, 90, 100 bal toplayan abiturient müsabiqə şərtini nəzərə alıb düşünə bilər ki, qabiliyyət tələb etməyən istiqamətlərə qəbul ola biləcək. Bu, yanlış fikirdir. Çünki rəqabət çox olacaq”.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Alitəhsilmüəssisələri ixtisasseçimi