Müharibə Rusiya qazının Ukraynadan keçməsinə mane olmadı

 Müharibə Rusiya qazının Ukraynadan keçməsinə mane olmadı
  13 Avqust 2024    Oxunub:1173
"Ukraynanın Rusiya ərazisinə böyük hücumu zamanı Avropa ölkələri təchizatın dayana biləcəyi qorxusu ilə qazın qiymətini ən yüksək həddə qaldırıb. Rusiya və Ukraynanın isə, "Sudja" transsərhəd tranzit məntəqəsi yaxınlığında döyüşlər getməsinə baxmayaraq, qaz nəqlini dayandırmaq niyyəti yoxdur".
Adı açıqlanmayan iki məlumatlı mənbə bu barədə "Bloomberg" telekanalına bildirib.

Onların sözlərinə görə, hər iki tərəfin qaz nəqli üçün maddi stimulu var. Belə ki, Kiyev qaz tranzitindən böyük gəlir (məsələn, 2021-ci ildə təqribən 1 milyard dollar) götürür. Rusiya isə Avropa ölkələrin ən böyük qaz təminatçısı rolunu əldən vermir. Ukrayna həmçinin öz ərazisindəki qaz anbarlarını Avropaya açmaqla onun "etibarlı tərəfdaşı" kimi görünmək istəyir.

Kiyev, eyni zamanda, Rusiya və Avropa arasında tranzit dəhlizi rolunu oynamaqla öz infrastrukturu qorumağa çalışır. Beləliklə, "daima işləyən" boru kəmərlərinin "hücumların hədəfinə çevrilməyəcəyini" gözləyir.

Hər halda, "Bloomberg"ə danışan şəxslər diqqətə çatdırırlar ki, qaz tranziti üzrə əsas məntəqə sayılan "Sudja"ya (Kiyev hazırda öz nəzarətinə götürdüyünü bildirir) hər hansı zərər dəyməsi nəticəsində Avropa qazsız qala bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Avropa   qaz-nəqli  





Xəbər lenti