Rusiyanın NATO ilə mümkün müharibə planı aşkarlanıb

   Rusiyanın NATO ilə mümkün    müharibə planı    aşkarlanıb
  14 Avqust 2024    Oxunub:1075
NATO ilə mümkün münaqişədə Avropanın dərinliklərindəki mövqeləri Rusiyanın nüvə başlıqlı raketlərlə hədəfə alacağını iddia edən sənədlər ortaya çıxıb. Həmin hədəflər arasında Türkiyənin 4 bölgəsi də yer alıb.
Böyük Britaniyanın “Financial Times” qəzetinin əldə etdiyi 29 məxfi fayla görə, Fransanın qərb sahilindən tutmuş İngiltərədəki “Barrow-in-Furness”ə qədər böyük bir ərazini əhatələyən hədəf xəritələri, Ukraynaya hərbi müdaxilədən əvvəl rus zabitlərinə təqdimatda ətraflı şəkildə açıqlanıb.

2008-2014-cü illər arasında hazırlanan bu fayllar həm adi döyüş başlıqlarını, həm də taktiki nüvə silahlarını daşıya bilən raketlər üçün hədəflərin siyahılarını ehtiva edir. Sənədlərdə qeyd edilir ki, Rusiya donanmasının “yüksək manevr qabiliyyəti” ona “qəfil və qabaqlayıcı zərbələr” endirməyə və “müxtəlif istiqamətlərdən irimiqyaslı raket hücumları” həyata keçirməyə imkan verir.

Operativ istifadədən daha çox təqdimat üçün nəzərdə tutulan xəritələrdə Türkiyənin dörd bölgəsi də daxil olmaqla Avropada NATO-nun 32 obyekti Rusiya donanmasının hədəfi kimi göstərilir.

Rusiya Donanması nüvə zərbəsi təlimləri keçirib
Rusiyanın Baltik Donanmasının hədəfləri ilk növbədə Norveç və Almaniyada, o cümlədən Bergen dəniz bazası, həmçinin radar stansiyaları və xüsusi təyinatlı obyektlərdə cəmləşib. Rusiya Dəniz Qüvvələrinin hədəflərinə həmçinin Britaniyanın şimal-qərbində yerləşən “Barrou-in-Furness”dəki sualtı qayıqların inşası tərsanəsi və ya Hall yaxınlığındakı sənaye obyekti kimi müdafiə sənayesi zonası da daxildir.

Təqdimat xəritəsində həmçinin doktrinanın Qara və Xəzər dənizlərində mümkün müharibələrdə necə tətbiq edilə və Türkiyədə 4 obyektin Rusiyanın Baltik Donanmasının potensial hədəfinə çevrilə biləcəyi göstərilir.


Rusiyanın Avropadakı bütün hücum imkanlarını qiymətləndirən analitiklər və hərbi ekspertlər bildirirlər ki, Rusiya ordusu Baltikyanı və Polşa kimi cəbhəyanı dövlətlərdə NATO qüvvələri ilə müharibəyə girən kimi qitədəki bütün hədəflər risk altına düşəcək. NATO-nun hesablamalarına görə, alyans şərq cinahını Rusiyanın irimiqyaslı hücumundan qorumaq üçün zəruri olan hava hücumundan müdafiə (HHM) imkanlarının beş faizindən də azına malikdir.

Kollektiv Qərbin Kiyevə göstərdiyi hərbi-maliyyə yardımı ilə bağlı Rusiya prezidenti Vladimir Putinin sərt xəbərdarlıqları NATO-nun təşvişini daha da gücləndirir. Məsələn, iyul ayında Putin Avropanın Rusiya raketlərinə qarşı müdafiəsiz olacağını bildirib. Bu baxımdan, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumunun təsadüfi olmadığı təsəvvürü yaranır.

Yeri gəlmişkən, Rusiyanın NATO ilə mümkün müharibə planı barədə məlumatların məhz Ukraynanın Kursk vilayətinə hücumundan sonra peyda olması da çox şübhəli görünür. İstisna deyil ki, Kiyevi bu hücuma sövq edən Qərb Rusiyanın hansı məkrli planlar hazırladığını açıqlamaqla Moskva ilə anlaşma təşəbbüsünü irəli sürən Avropa ölkələrini neytrallaşdırmağa çalışır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   NATO   müharibə  





Xəbər lenti