Yeni epidemiya: Meymundan insana viruslu "çiçək"

      Yeni epidemiya:    Meymundan insana viruslu "çiçək"
  16 Avqust 2024    Oxunub:1657
Yoluxucu meymunçiçəyi xəstəliyi ilk dəfə 1958-ci ildə Danimarkada laboratoriya şəraitində saxlanılan meymunlarda aşkarlanıb. 1970-ci ildə Konqo Demokratik Respublikasında isə xəstəliyin ilk dəfə insana yoluxması faktı qeydə alınıb. Zoonoz (heyvanmənşəli) eyniadlı virus vasitəsilə yayılan meymunçiçəyi xəstəliyinin ilkin əlamətləri qızdırma, bədənin müxtəlif yerlərində qabarcıqlar şəklində üzə çıxan qaşıntılı və bəzən ağrılı səpgi, əzələ, boğaz və baş ağrıları, ümumi halsızlıqdır. Xəstəlik, eyni zamanda, əlamət göstərmədən də yarana bilər.
Virusa yoluxmuş heyvanın qanı, bədən mayeləri, yaraları və ya selikli qişalarındakı zədələri ilə təmas şəraitində meymunçiçəyi insana ötürülə bilər. 5-20 gün ərzində inkubasiya dövrü keçirən virus həmin müddətin ardınca yuxarıda bildirilən əlamətlərin hamısını, yaxud bir neçəsini əmələ gətirir. Xəstəliyin sağalması isə, adətən, 4 həftə çəkir.

Meymunçiçəyinin insandan insana keçməsi əsasən xəstə şəxsin danışarkən, öskürərkən, asqırarkən havaya saçdığı selikli damcılar vasitəsilə baş verir. Virusun ötürülməsi həmçinin xəstənin dərisinə, ağzına, cinsiyyət orqanlarına, habelə mütəmadi işlətdiyi əşyalara toxunmaqla da mümkündür.

Maraqlıdır ki, meymunçiçəyinin insandan heyvana yoluxması ilə bağlı iki fakt da qeydə alınıb: 2022-2023-cü illərdə meydana gələn qlobal epidemiya dövründə infeksiya xəstə şəxslərdən onların itlərinə keçib.

2022-ci ildə üzə çıxan epidemiyada virusa dünya üzrə ümumilikdə 99 min 518 nəfər tutulub, onlardan cəmi 207-si həyatını itirib. Məlumata görə, Nigeriyadan yayılan xəstəliyə ilk yoluxma faktı Londonda aşkarlanıb. ABŞ, Braziliya, İspaniya, Fransa və Kolumbiya infeksiyanın ən çox vüsət aldığı ölkələr idi.

Rəsmi statistikaya əsasən, həmin dövrdə Azərbaycana qonşu ölkələrdə: Türkiyədə 12, Rusiyada 2, İranda 1, Gürcüstanda 2 nəfər meymunçiçəyi virusuna tutulub. Ermənistanda, habelə dəniz qonşuları Türkmənistan və Qazaxıstanda isə meymunçiçəyi aşkarlanmayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycan da epidemiyadan yan keçən ölkələrdən idi.

Hazırda meymunçiçəyi infeksiyası bir sıra mərkəzi Afrika ölkəsində yenidən baş qaldırıb. Son statistika göstərir ki, qara qitədə 17 min nəfərdə infeksiya tapılıb. Virusa yoluxma faktı artıq Afrikadan kənarda da qeydə alınıb: ölkələrin müvafiq səhiyyə təşkilatından bildirilir ki, İsveç Pakistanın hər birində 1 nəfər meymunçiçəyinə məruz qalıb. Ümumdünya Səhiyyə Təşkilatı getdikcə formalaşan epidemiya səbəbi ilə ötən gün "beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə halı" elan edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: meymunçiçəyi   virus  





Xəbər lenti