Böyük Britaniyaya miqrant axını dayanmır

   Böyük Britaniyaya miqrant axını dayanmır
  19 Avqust 2024    Oxunub:505
Son sutkada 500-ə yaxın qeyri-qanuni mühacir hava ilə doldurulmuş qayıqlarda La-Manş boğazını keçərək Fransadan Böyük Britaniyaya gedib.
Böyük Britaniyanın Daxili İşlər nazirliyinin məlumatına görə, yalnız son həftədə ölkəyə 1400 qeyri-qanuni mühacir gəlib. Bu ilin əvvəlindən onların sayı 19 min olub. Ötən il isə təxminən 30 min mühacir qanunsuz şəkildə Böyük Britaniyada lövbər salıb.

Bu yaxınlarda Böyük Britaniya hökuməti sığınacaq üçün müraciət edən qanunsuz miqrantları 400 nəfərlik “Bibby Stokholm” barjasında yerləşdirməkdən boyun qaçırıb. “Sky News” nəşriin yazdığına görə, sözügedən gəminin istismarı ilə bağlı müqavilənin ləğvindən sonra hökumət 20 milyon funt sterlinqdən çox qənaət etmək imkanı qazanacaq.

Bundan əvvəl isə Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) qeyri-qanuni miqrantların Ruandaya qovulmasına dair qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. 2022-ci ilin yazında London qeyri-qanuni mühacirləri geriyə göndərmək üçün Ruanda ilə müqavilə bağlayıb. Bu əsasda Ruanda hökuməti 140 milyon funt sterlinq (178 milyon dollar) məbləğində təzminat alsa da, hələ də Böyük Britaniyadan heç kim qaytarılmayıb.

Qeyd edək ki, iyulun 29-da Sautportda uşaq rəqs studiyasına edilən və altı, yeddi və doqquz yaşlı üç qızın öldürüldüyü hücumdan sonra Böyük Britaniyada mühacirlərə qarşı iğtişaşlar başladı. Həmin hücum zamanı səkkizi uşaq olmaqla on nəfər bıçaqlanmışdı. Hücumda ittiham edilən və Uelsin paytaxtı Kardiffdə anadan olmuş 17 yaşlı Aksel Rudakubananın ailəsi Ruandadandır.

London, Bristol, Belfast, Liverpul, Mançester, Stok-on-Trent, Nottingem, Hartlepul və digər şəhərlərdə iğtişaşlara çevrilən antimiqrant etirazlarında 150-dən çox adam həbs olundu. Qırxadn çox polis əməkdaşı yaralandı. Roterham və Birmingem şəhərlərində isə nümayişçilər sığınacaq axtaranların qaldığı otellərə də basqın etdilər. Bunun qarşılığında ölkədəki miqrantlar yerli sakinlərə hücum etməyə və bəzi yerlərdə ingilisləri dəyənəklərlə döyməyə başladırlar.


Böyük Britaniyanın baş naziri Kir Starmer iğtişaşları ifrat sağçı banditizm adlandırıb.

Ümumiyyətlə, qeyri-qanuni miqrant axını Böyük Britaniya da daxil olmaqla bütün Avropanın ciddi başağrısına çevrilib ki, bu da ilk növbədə kollektiv Qərbin Yaxın Şərqdə və bütövlükdə İslam dünyasında həyata keçirdiyi dağıdıcı siyasətin nəticəsidir. Məhz Qərbin Yaxın Şərqdə, Şimali Afrikada, və Əfqanıstanda törətdiyi müharibələrdən xilas olmağa çalışan milyonlarla dinc insan təhlükəsiz və firavan yaşayış axtarışında Avropaya və Amerikaya üz tutur.

Həmin adamların məntiqi isə tam başa düşüləndir. Bir halda ki, Qərb ölkələri bu insanların doğma ocaqlarını viran qoymaq siyasəti aparırlar, deməli, öz sərhədlərini açmalı və onların təhlükəsiz yaşaması üçün sığınacaq verməlidirlər. Ədalət naminə demək lazımdır ki, bir müddət Avropa ölkələri istər-istəməz bu siyasəti aparmağa məcbur oldular. Lakin mühacirlər, xüsusən də qeyri-leqal miqrantlarla bağlı “açıq qapılar” siyasəti çox tezliklə Avropada millətçi və ifrat sağçı qüvvələrin ciddi narazılığına və onalrın mövqələrinin möhkələnməsinə gətirib çıxardı.

Onların belə gedişlə yaxın gələcəkdə gəlmələrin sayca yerli əhalini üstələycəyi və son nəticədə ölkədə söz sahibinə çevriləcəyi barədə xəbərdarlıqları cəmiyyətdə anti-miqrant əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə gücləndirir. Qərb ölkələrinə üz tutan mühacirlərin öz adət-ənənələrini qoruyub saxlaması, assimilyasiya olunmaq istəməmsi və törətdikləri cinayət əməlləri isə yerli əhalidə onlara qarşı narazılığı daha da artırır.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   miqrantlar  





Xəbər lenti