Ukraynada Rusiya kəşfiyyatının casusları saxlanılıb

   Ukraynada    Rusiya kəşfiyyatının casusları    saxlanılıb
  21 Avqust 2024    Oxunub:979
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikası və pilotsuz təyyarələr istehsal edən zavodu haqqında məlumat toplayan bir qrup Rusiya casusunu ifşa edib.
İstintaqın məlumatına görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) distant yolla 6 yerli sakini işə cəlb edib. Bu məqsədlə “Telegram” kanalı yaradan Rusiya kəşfiyyat xidməti, bu kanal vasitəsilə casuslar axtarıb.

Agentlər rayonun müxtəlif yaşayış məntəqələrində bir-birindən ayrı fəaliyyət göstərsələr də, bir kuratora “hesabat verirdilər”. UTX, həmçinin FTX-nın kəşfiyyat qrupunun rəhbərini də müəyyənləşdirib.

Casuslar bölgədəki hərbi və kritik infrastruktur obyektlərinə Rusiyanın hava zərbələri üçün koordinatlar hazırlayırdılar. Düşmənin prioritet hədəfləri arasında pilotsuz təyyarələr istehsal edən şirkətlər də olub. Agentlər yerli sakinlər arasında şəxsi əlaqələrdən istifadə edərək, onlardan lazımi məlumatlar almağa çalışıblar.
Onlar, habelə Ukrayna Silahlı Qüvvələrinin kolonlarının və eşelonlarının hərəkət istiqamətlərini izləməklə yanaşı, cəbhədən texniki xidmət üçün gələn hərbi texnikanın cəmləşməsinə də diqqət yetiriblər.

Təqsirləndirilən şəxslərdən 6-sı dövlətə xəyanətdə ittiham olunub. Hazırda onlar zaminə buraxılmaq hüuqu olmadan həbsdə saxlanırlar. Onları əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   casuslar  





Xəbər lenti