Bayden: “Rusiya heç vaxt Ukraynada uğur qazana bilməyəcək”

    Bayden: “Rusiya heç vaxt Ukraynada uğur qazana bilməyəcək”
  27 Avqust 2024    Oxunub:276
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynanın enerji sisteminə raket və pilotsuz təyyarələrlə hücumunu hiddətləndirici hərəkət adlandırıb.
AzVision.az “Amerikanın səsi” radiosunun yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynanın şəhərlərinə və enerji infrastrukturuna Rusiyanın endirdiyi zərbələri kəskin şəkildə pisləyib.

“Rusiya Ukrayna şəhərlərinə və enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları dalğaları yönəldib. Ukrayna rəsmiləri bildirirlər ki, bu hiddətləndirici hərəkət Ukrayna vətəndaşlarının ölümü ilə nəticələnib və iyirmidən çox kritik enerji obyektini hədəfə alıb. Mən Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və Ukrayna xalqını qaranlığa qərq etmək cəhdlərini ən kəskin şəkildə pisləyirəm. Mən tam aydın olaraq demək istəyirəm kki, Rusiya Ukraynada heç vaxt uğur qazana bilməyəcək və Ukrayna xalqının ruhu heç vaxt sınmayacaq”, - ABŞ prezidenti vurğulayıb.

Bayden Amerikanın Ukraynanı dəstəkləyən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərliyi davam etdirəcəyini də bildirib. Hazırda bu koalisiya Ukraynanı çox ehtiyac duyulan hərbi texnika, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemləri ilə təmin edir.

- İyul ayında NATO sammitində elan etdiyim kimi, ABŞ və müttəfiqlərimiz Ukraynaya əlavə beş strateji HHM sistemi üçün avadanlıq verdilər və mən ABŞ-nin HHM sistemlərinin ixracını elə yönləndirdim ki, onlar əvvəlcə Ukraynaya göndərilsinlər. Birləşmiş Ştatlar həmçinin sistemlərini bərpa etmək və Ukraynanın enerji şəbəkəsinin dayanıqlığını gücləndirmək üçün Kiyevə enerji avadanlığı göndərir”, - “Amerikanın səsi” radiosu ABŞ prezidentindən sitat gətirir.

Co Bayden iddia edib ki, Ukrayna xalqı qalib gələnə qədər ABŞ onun yanında olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   Rusiya   Ukrayna  





Xəbər lenti