Kiyev ABŞ-yə Rusiyadakı hədəflərin siyahısını verəcək

   Kiyev ABŞ-yə Rusiyadakı hədəflərin siyahısını verəcək
  27 Avqust 2024    Oxunub:891
Kiyev Rusiyada Amerikanın silahları ilə vurula biləcək uzaqmənzilli hədəflərin siyahısını Vaşinqtona təqdim etməyə hazırdır.
“Politico” nəşri vəziyyətdən xəbərdar olan 3 mənbəyə istinadən yazır ki, bu həftə Ukraynanın müdafiə naziri Rustem Umerov və Ukrayna prezidentinin baş müşaviri Andrey Yermak Vaşinqtonu Amerikanın uzaqmənzilli silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son cəhdi göstərəcəklər. Bunun üçün Ukrayna rəsmiləri prezident Co Bayden administrasiyasına mümkün zərbə üçün hədəflərin ətraflı siyahısını təqdim edəcəklər.

“Ukrayna üçün uzaq hədəfləri vuran silahlarla bağlı heç bir məhdudiyyət qoyulmamalıdır. Həyatı müdafiə edənlər silah məsələsində məhdudiyyətlə üzləşməməlidirlər”, - dünən Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna hakimiyyəti artıq bir neçə dəfə Bayden administrasiyasından Rusiya daxilində daha effektiv hücum üçün Amerika raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib. Lakin Vaşinqton düşünür ki, məhdudiyyətlərin aradan qaldırılması Moskvanı Ukraynada daha aqressiv hərəkətlərə təhrik edə bilər.

Eyni zamanda, Amerika rəsmiləri, Rusiyanın əsas hədəflərinin əlçatmaz məsafələrdə yerdəyişməsi də nəzərə alınanda, “məhdudiyyətlərin aradan qaldırılmasının” strateji üstünlüyünün elə də böyük olmayacağına diqqət çəkirlər.

“Kiyevdə uzaqmənzilli raketlər üçün yetərli sayda taktiki raket sistemləri yoxdur, çünki Ukrayna onlardan Krıma hücum üçün istifadə edir. Bundan əlavə, ABŞ ATACMS raketlərinin məhdud təchizatına malikdir”, - nəşrin həmsöhbətləri Vaşinqtonun mövqeyini açıqlayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   ABŞ   Rusiya   hədəflər  





Xəbər lenti