Professor: “Seçkilər region ölkələrində diqqətlə izlənilir”

   Professor:    “Seçkilər region ölkələrində diqqətlə izlənilir”
  27 Avqust 2024    Oxunub:223
Kiyev Əqli Mülkiyyət və Hüquq Milli Universitetinin professoru, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Birliyinin sədri Arif Quliyev “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibə verib.
Müsahibəni təqdim edirik.

-Sentyabrın 1-də keçiriləcək seçkilər barədə müşahidələriniz hansı qənaət formalaşdırır?

- Azərbaycan xalqı növbəti dəfə tarixi hadisələrə şahidlik edir. Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər bir sıra regional proseslərə təsir etdi. İndi yeni reallıqlar yaranıb, bütün daxili və xarici siyasətimiz bu reallıqlar üzərində qurulur. Biz nəinki regionda, bütün dünyada qalib xalq, dövlət kimi tanınırıq. Bu mənada seçkilər də region ölkələrində diqqətlə izlənilir. İnanıram ki, bizim hüquqi təzahürlərə söykənən və faktlara əsaslanan seçki keçirmək təcrübəmiz əksər ölkələrə nümunə olacaq. Azərbaycanımız son 2 əsrdə tarixi ərazilərində yaranmış süni maneələri, qondarma rejimi aradan qaldıra bilib. Bunun özü böyük tarixdir. Artıq Azərbaycan tam suveren ölkədir. İndi yeni-yeni tarixlər yazırıq. Əvvəlki illərdən fərqli olaraq bütün ərazilərimizdə seçki prosesi apara bilirik. Keçmiş məcburi köçkünlərin seçki hüququ öz doğma torpağında, kənd və rayonlarında təmin edilir. Belə bir seçkidə iştirak hər bir azərbaycanlı üçün şərəfdir. Xüsusilə son 30 ildə yaşadığımız mənəvi ağrılara son qoyulmasını nəzərə alsaq azad olunmuş ərazilərdə seçkilərə, səsverməyə getmək hər birimiz üçün fərəhli hadisə olacaq.

- Budəfəki seçkilər Azərbaycanın gələcəyi, inkişafı üçün hansı önəm daşıyır?

- Əslində hər bir seçki ölkənin gələcəyi üçün önəmlidir. Sentyabrın 1-də keçiriləcəck seçkilər isə Azərbaycan dövlətçiliyinin də möhkəmlənməsinə təsir edəcək. Bizim ümumxalq dəyərlərimiz var ki, bu dəyərlər seçkilərdə də özünü göstərir. Öz təcrübəmə və elmi araşdırmalarıma əsaslanaraq deyə bilərəm ki, Azərbaycanın seçki təcrübəsi qənaətbəxşdir. Bizim demokratik seçki ənənələrimiz var və hər şeyi hüquqi baxımdan ən yüksək səviyyədə təşkil edirik.
AzVision.az



Teqlər:





Xəbər lenti