Trampa qarşı yeni ittiham irəli sürülüb

   Trampa qarşı yeni ittiham irəli sürülüb
  28 Avqust 2024    Oxunub:803
ABŞ-nin xüsusi prokuroru Cek Smitin ofisi ölkənin keçmiş prezidenti Donald Trampın qanuni təqibdən qismən toxunulmazlığı nəzərə alınmaqla, onun ötən seçkilərin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yeni ittiham aktı təqdim edib.
AzVision.az xəbər verir ki, sənəd Kolumbiya dairəsinin Federal Məhkəməsinin elektron məlumat bazasına daxil edilib.

“Müttəhim ilkin ittiham aktında olduğu kimi eyni cinayət əməllərində günahlandırılır”, - Cek Smit bildirib.

Xatırladaq ki, xüsusi prokuror 2023-cü ilin avqustunda Donald Trampa qarşı dörd maddə üzrə ittiham elan edib. O, 2020-ci il seçkilərində uduzmasına baxmayaraq, qanunsuz olaraq hakimiyyəti əldə saxlamağa cəhddə ittiham edilir. Respublikaçıya qarşı irəli sürülən cinayətlərin ən ağırı üçün maksimum 20 il həbs cəzası nəzərdə tutulur.

- Sənəd “işdə sübutlar haqqında əvvəllər dinləmələrdə iştirak eşitməmiş yeni böyük andlılar heyətinə” verilib. Yeni rəy ABŞ Ali Məhkəməsinin iyulun 1-də Trampın hüquqi təqibdən qismən toxunulmazlığına malik olduğu qərarı əsasında hazırlanıb. Bu, yalnız Trampın öz rəsmi vəzifələri çərçivəsində etdiyi hərəkətlərə şamil olunur”, - xüsusi prokuror vurğulayıb.

Donald Trampın fikrincə, ona qarşı yeni ittiham aktı hazırkı administrasiyanın ABŞ-yə gətirdiyi “fəlakətlərdən” diqqəti yayındırmaq cəhdidir.

“Bu, sadəcə olaraq seçkilərə müdaxilə etmək və Amerika xalqını Kamala Harrisin ölkəmizə gətirdiyi fəlakətdən yayındırmaq cəhdidir”, - Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   ittiham  





Xəbər lenti