Rusiya səfiri: “Moskva sülhü dəstəkləyir”

   Rusiya səfiri:    “Moskva sülhü dəstəkləyir”
  30 Avqust 2024    Oxunub:759
Azərbaycan-Ermənistan danışıqları Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə olunan üçtərəfli sazişlər çərçivəsində gedir.
AzVision.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Moskvanın Bakı və İrəvan arasında sülhün tezliklə bağlanmasının Cənubi Qafqazda sabitliyə gətirib çıxaracağını düşündüyünü bildirib.

“Tərəflərin rəsmi bəyanatlarına əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi praktiki olaraq razılaşdırılıb. Rusiya prezidenti Vladimir Putinin dövlət səfəri zamanı vurğuladığı kimi, Moskva onun imzalanmasına töhfə verməkdən məmnun olacaq”, - Mixail Yevdokimov deyib.

Sənədin tezliklə imzalanmasına ümid etdiyini bildirən səfir, bunu Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq yolunda mühüm addım kimi qiymətləndirib.

- Biz gələcək sazişlə bağlı razılığa gəlməkdən əlavə, nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətləri vasitəsilə əlaqələrin qurulması haqqında danışırıq”, - səfir qeyd edib.

Bu baxımdan, Yevdokimov Ermənistanın xarici siyasətinin bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurduğuna və Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığın, bir qayda olaraq, yaxşı heç nəyə gətirib çıxarmadığına diqqət çəkib.

“Biz əminik ki, Cənubi Qafqazda istənilən problem region dövlətlərinin özləri tərəfindən kənar müdaxilə olmadan həll edilməlidir. Bu mənada “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) regional məsləhətləşmə platforması faydalı layihədir. Hazırda bu formatın Xarici İşlər nazirləri səviyyəsində növbəti görüşünün tarixi razılaşdırılır”, - rusiyalı diplomat bildirib.

Onun sözlərinə görə, Qərbin müxtəlif ölkələrin və regionların işlərinə müdaxiləsi heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb.

“Onların Cənubi Qafqazda əsas məqsədləri uzunmüddətli və davamlı sülhə nail olmaq yox, Rusiyanı sıxışdırıb çıxarmaq, regionumuzda süni parçalanma xətləri yaratmaq və son nəticədə Avrasiyada inteqrasiya proseslərinə xələl gətirməkdir”, - səfir vurğulayıb.

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının işindən danışan Yevdokimov deyib ki, həmin qrup əslində Azərbaycan, İran və Rusiya ilə bağlı kəşfiyyat məlumatları toplayır.

- Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən Kiyev rejimi kimi marionet hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Bu cür müdaxilələrə nümunə kimi Ermənistanda Aİ-nin hazırkı müşahidə missiyasını göstərmək olar. Kanadadan bir “mütəxəssis”in cəlb edilməsi ilə bu əslində şübhəli məqsədləri olan NATO əməliyyatına çevrildi”, - rusiyalı diplomat bildirib.

Onun fikrincə, sözügedən missiya Qərbin hibrid müharibəsinin alətidir ki, bu da onun məxfiliyini və istər Ermənistanın, istərsə də Azərbaycanın nəzarətindən kənarda qaldığını təsdiqləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti