Durov Fransanın xüsusi xidmət orqanları ilə əlaqəsini etiraf edib

   Durov Fransanın xüsusi xidmət orqanları ilə əlaqəsini etiraf edib
  31 Avqust 2024    Oxunub:1184
“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov Parisdə dindirilərkən Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) nümayəndələri ilə əlaqə saxladığını, o cümlədən də Dubayda onlarla görüşdüyünü bildirib.
Öz mənbəyinə istinadən bu barədə məlumat yayan “Libération” qəzetinin yazdığına görə, bu görüşdə Durov “hərbi sirr təşkil edən məlumatların açıqlanmasının onun üçün yersiz olacağını” açıq şəkildə deyib. Amma nəşr konkret nədən söhbət getdiyini yazmır.

“Durov terrorla mübarizə çərçivəsində DGSİ ilə qaynar xətt və xüsusi e-poçt ünvanı ilə rəsmi əlaqə kanalı açdığını bildirib. Onun sözlərinə görə, bu kanallar vasitəsilə informasiya mübadiləsi hətta bir neçə terror aktının qarşısını alıb”, - qəzet mənbənin sözlərindən sitat gətirib.

Nəşr iddia edir ki, həbsdən sonra əməkdaşlığa hazır olduğunu bildirən Durov hüquq-mühafizə orqanlarının əməkdaşlarına mobil telefonunu və ona giriş kodunu verib.

Qəzet, həmçinin “Telegram” rəhbərinin həbsindən sonra Yelisey sarayına hadisə ilə bağlı xəbərdarlıq edildiyini və Fransa prezidenti Emmanuel Makronun avqustun 25-də Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə vəziyyəti müzakirə etdiyini yazıb.

Durov 5 milyon avro girov müqabilində azadlığa buraxıldı
Xatrıladaq ki, Durov avqustun 24-ü axşam saatlarında Parisin “Le Burje” hava limanında saxlanılıb. Dörd gün sonra o, 5 milyon avro məbləğində girov ödəməsi qarşılığında məhkəmə nəzarəti altında sərbəst buraxıldı. Məhkəməyə qədər Durov həftədə iki dəfə polis bölməsinə xəbər verməli və Fransanı tərk etməməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Durov   Fransa   əməkdaşlıq  





Xəbər lenti