Almaniyada yerli seçkilərdə hakim koalisiya məğlub olub

Almaniyada yerli seçkilərdə    hakim koalisiya    məğlub olub
  02 Sentyabr 2024    Oxunub:869
Türingiya və Saksoniya torpaqlarında keçirilən yerli seçkilərdə hakim koalisiyanın ağır məğlubiyyəti Olaf Şolzun hökuməti üçün ciddi təhlükə yaradır.
AzVision.az xəbər verir ki, “Focus” nəşrində dərc olunan məqalədə liberalların yerli seçkilərdə məğlubiyyətinin Almaniya hökumətinin nüfuzunu vətəndaşlar arasında daha da zəiflətdiyi bildirilir.

“Saksoniya və Türingiyadakı seçkilər Berlindəki koalisiya hökumətinə ağır zərbə vurdu. Olaf Şolzun koalisiyasının onsuz da ən zəif hissəsi olan liberallar fəlakətə uğrayıb”, - məqalədə deyilir.

Nəşr qeyd edib ki, Berlin üçün məyusedici nəticələr elitanın ölkənin şərqindəki sıravi almanları narahat edən problemlərə, o cümlədən Almaniyanın Ukraynadakı münaqişəyə müdaxiləsi probleminə diqqətsizliyinin təbii nəticəsidir.
Materialın müəllifləri hökumətin anti-elitar qüvvələrlə - Almaniya üçün Alternativ (AfD), Sara Vaqenknextin İttifaqı və Sol Partiya ilə hesablaşmalı olacağı barədə xəbərdarlq ediblər.

- Bir ildən bir qədər artıq sonra federal seçkilərdə parlamentdənkənar müxalifətlə üzləşmək ehtimalı, çox güman ki, hazırkı hökuməti mövcudluq uğrunda mübarizə aparmaq həddinə çatdıracaq”, - ekspertlər vurğulayır.

Qeyd edək ki, dünən Almaniyada Türingiya və Saksoniya federal əyalətlərinin parlamentlərinə seçkilər keçirilib. Türingiyada birinci yeri tarixdə ilk dəfə regional seçkilərdə qalib gələn sağçı Almaniya üçün Alternativ (AfD) partiyası tutub. Saksoniyada bu partiya ikinci olub. Bu yaxınlarda təsis edilmiş solçu Sara Vaqenknextin “Dərrakə və Ədalət Birliyi” partiyası isə hər iki ştatda üçüncü nəticə göstərib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   seçkilər  





Xəbər lenti